Elmin İnkişafı Fondu beşinci “Mobillik qrantı”nın nəticələrini elan edib
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) cari ildə keçirilən, xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən beşinci “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub. EİF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə müddətində fond qrant iddiaçılarına kömək məqsədilə beş məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olan 23 layihənin ekspertizası nəticəsində iki layihə texniki ekspertiza mərhələsindən keçməyib, 21 layihə elmi ekspertiza mərhələsinə buraxılıb.
Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra beşinci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 61.500 manat olan 14 qalib layihə müəyyənləşdirilib. Layihələrdən səkkizi qısamüddətli elmi təcrübəkeçmə ilə, altısı isə xaricdə elmi tədbirdə iştirakla bağlıdır. Qalib layihələrin 11-i Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarını (İdarəetmə Sistemləri, Şamaxı Astrofizika Rəsədxanası, eləcə də Fizika, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Əlyazmalar, Fəlsəfə və Hüquq, Şərqşünaslıq, Ədəbiyyat, Memarlıq və İncəsənət institutları) və təhsil qurumlarını (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti) əhatə edir.
Fizika-riyaziyyat və texnika elmləri üzrə üç, kimya elmləri üzrə bir, Yer haqqında elmlər üzrə bir, biologiya, tibb və aqrar elmləri üzrə üç, humanitar və ictimai elmlər üzrə isə altı layihə qalib elan olunub.
Müsabiqənin qalibləri ABŞ, Türkiyə, Albaniya, İtaliya, Rusiya Federasiyası, İspaniya, Macarıstan və Qazaxıstanda elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.
“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsinin məqsədi Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.
Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir. Yaxın günlərdə Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan edəcək.
Əlavə məlumatı EİF-in rəsmi saytından əldə etmək olar.