Elmin İnkişafı Fondu birinci “Mobillik qrantı”nı elan etmişdir
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) qrantların verilməsi üzrə 2013-cü il üçün birinci “Mobillik qrantı” müsabiqəsini elan etmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin məqsədi təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaqdır.
Müsabiqə çərçivəsində kiçik (10 min manatadək) maliyyə həcmli qrantların verilməsi yolu ilə XETİ - (xaricdə elmi tədbirdə iştirak - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi) və QMTK (qısamüddətli təcrübəkeçmə - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi) kimi xüsusi layihələr dəstəklənəcəkdir.
Həmin layihələr (XETİ və QMTK) “Mobillik qrantı” adı altında birləşdirilmiş və ildə üç dəfəyədək keçirilməsi nəzərdə tutulmuşdur. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin ümumi həcmi yüz min manat nəzərdə tutulmuşdur.
Yalnız martın 20-dən iyulun 10-dək xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini cari müsabiqəyə təqdim edə bilərlər.
“Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə, elmi ad, yaş və digər məhdudiyyətlər qoyulmur.
Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər (Microsoft Word formatında) EİF-in internet saytının (http://sdf.gov.az/qrant/senedler/index.html) “Qrant müsabiqələri” bölməsindən əldə edilə bilər.
Birinci “Mobillik qrantı” müsabiqəsi üzrə məsləhət seminarları da keçiriləcəkdir. Seminarların məqsədi qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.
Müsabiqədə iştirak etmək üçün ərizə və sənədlərin qəbulu fevralın 8-i saat 17.00-dək aparılacaqdır.