Elmin İnkişafı Fondu cari il üçün əsas qrant müsabiqəsini elan edib
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü il üçün əsas müsabiqəsini elan edib.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərin, elmlə əlaqəli digər qurumların fəaliyyətini stimullaşdırmaq, maddi-texniki təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, qısa vaxtda modern cihaz, avadanlıq və qurğularla təchizat yolu ilə əhəmiyyətli elmi nəticələr alınmasına şərait yaratmaq, kadr hazırlığını təmin etmək məqsədi daşıyır.
Müsabiqə çərçivəsində kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin və pilot layihələrin iri maliyyə həcmli qrantlar və meqa qrantlar, fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, kimya, biologiya, tibb, aqrar, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi, həmçinin innovasiya xarakterli layihələrin kiçik və orta maliyyə həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsi, xüsusi layihələr (konfrans təşkili, kitab nəşri) üzrə kiçik və orta maliyyə həcmli qrantların verilməsi nəzərdə tutulur. Qrant maliyyələşdirilməsinin ümumi həcmi dörd milyon iki yüz min manatdır.
Beynəlxalq layihələrə, eləcə də gənc alimlərin iştirak etdiyi, regionlardan təqdim olunan layihələrə üstünlük veriləcək.
Sənədlər 2015-ci il yanvarın 5-dən fevralın 27-si saat 17:00-dək qəbul olunacaq. Həmin müddətdə qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının təşkili planlaşdırılır.
Cari il üçün əsas müsabiqənin elmi ekspertiza işi 2015-ci ilin ikinci rübündə yerinə yetiriləcək.
Ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək mümkündür.