Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin ilk müsabiqəsinin keçirilməsini elan etmişdir
Bakı, 10 noyabr (AZƏRTAC). 10 noyabr - Ümumdünya Elm Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi tədqiqat proqramlarının və layihələrinin, digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə gənc alim və mütəxəssislərin ilk müsabiqəsinin (EİF/GAM-2011-2(4)) keçirilməsini elan etmişdir.
Bu barədə Elmin İnkişafı Fondunun icraçı müdiriyyətində 10 noyabr - Ümumdünya Elm Gününə həsr olunmuş tədbirdə məlumat verilmişdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin keçirilməsində məqsəd Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə tədbirlər planının 6.3.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri (layihələri) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış gənc alimlərin yaradıcı kollektivlərinin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumlarda (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaqdır.
Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında, biologiya, tibb və aqrar elmləri, kimya elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə etməklə fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli, həmçinin xüsusi layihələrin müxtəlif həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. Gənc alim və mütəxəssislərin qrant müsabiqəsinin 2011-ci il üçün maliyyələşdirilməsinin məbləği 600 min manatdır.
Xüsusi layihələr maddi-texniki təminat (cihaz, avadanlıq, qurğular və s.), elmi ekspedisiya və çöl işlərinin təşkili, ölkə daxilində və xaricdə qısamüddətli elmi təcrübəkeçmə, Azərbaycandan olan gənc alim və mütəxəssislərin xaricdə nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi, Azərbaycanda elmin inkişafı üçün mühüm əhəmiyyət daşıyan elmi əsərlərin nəşrinin dəstəklənməsi, ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı ilə bağlı respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium, seminar və başqa elmi tədbirlərin ölkəmizdə təşkili və keçirilməsini əhatə edir.
Müsabiqədə 35 yaşadək (layihə təqdim olunan gün) gənc alim və mütəxəssislər iştirak edə bilərlər. Müsabiqənin nəticələrinin 2012-ci il fevralın 2-də - Gənclər Günündə açıqlanması planlaşdırılır.
UNESCO tərəfindən təsis olunmuş 10 noyabr - Ümumdünya Elm Gününə həsr olunmuş tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev və qrant layihələrinin idarə olunması üzrə baş məsləhətçi Ədilə Babayeva bu günün tarixindən danışmışlar.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Azərbaycanda elmin inkişafı sahəsində mövcud vəziyyət, uğurlar və həllini gözləyən problemlərdən danışmış, “Elm haqqında elm” kitabını Fonda təqdim etmişdir.
Sonra gənc alim və mütəxəssislərin sualları cavablandırılmışdır.