Elmin İnkişafı Fondu ikinci “Mobillik qrantı” müsabiqəsini elan etmişdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədi ilə mayın 10-da 2013-cü il üçün ikinci “Mobillik qrantı” müsabiqəsini elan etmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, “Mobillik qrantı” müsabiqəsi çərçivəsində hər biri 10 min manatadək olan qrantların verilməsi yolu ilə Azərbaycan alim və mütəxəssislərinin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının, həmçinin alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi nəzərdə tutulur.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin ümumi həcmi 100. 000 manat nəzərdə tutulmuşdur.
Cari müsabiqə 2013-cü il avqustun 1-dən noyabrın 30-dək xaricdə keçirilən beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirakı əhatə edir. Müsabiqədə iştirak etmək istəyənlərə elmi dərəcə, elmi ad, yaş və bu kimi digər məhdudiyyətlər qoyulmur.
Qrantların verilməsi üzrə müsabiqənin şərtləri və keçirilməsi qaydaları ilə EİF-in rəsmi internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq mümkündür.
Fond sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarları keçirəcəkdir.