Elmin İnkişafı Fondu ikinci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan etmişdir
Bakı, 5 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) alimlərimizin elmi fəaliyyətini stimullaşdırmaq, onlara beynəlxalq konfrans, simpozium və seminarlarda məruzələrlə çıxış etmək, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədi ilə avqustun 2-də 2013-cü il üçün ikinci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan etmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, “Mobillik qrantı” cari ildə təsis edilmişdir. Artıq 1-ci müsabiqə çərçivəsində 15 layihə reallaşdırılmışdır. Ümumi maliyyələşdirilmə həcmi 49 min 600 manat olan 1-ci müsabiqə müddətində Azərbaycandan olan alim və mütəxəssislər İsveç, İspaniya, Şotlandiya, Böyük Britaniya, Bolqarıstan, Belarus və Türkiyədə yüksək səviyyəli elmi tədbirlərdə iştirak etmişlər. Bundan əlavə, Almaniya, Hollandiya, Böyük Britaniya və Rusiyada ixtisasartırma məqsədilə qısamüddətli təcrübə keçmişlər. Ənənəvi səyahət xərcləri ilə yanaşı, tədbirin qeydiyyatı, viza, sığorta və digər xərclər də EİF tərəfindən ödənilmişdir.
İkinci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə məbləği 67 min 200 manat olmaqla, 13 qalib layihə müəyyənləşdirilmişdir. Bu layihələr çərçivəsində alimlərimiz Koreya Respublikası, İtaliya, Çex Respublikası, Rusiya, Ukrayna və Türkiyədə 11 elmi təcrübəartırmada iştirak edəcəklər.
İki layihə üzrə isə Avstriya və Rusiyada keçiriləcək beynəlxalq konfranslarda ölkəmiz təmsil olunacaqdır. Bu layihələr Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya, Zoologiya, Mikrobiologiya institutlarını, Şamaxı Astrofizika Rəsədxanasını, Azərbaycan Tibb Universitetini, Bakı Dövlət Universitetini, Bakı Slavyan Universitetini və Azərbaycan Dövlət Pedaqoji Universitetini əhatə edir.
Statistik məlumata görə, “Mobillik qrantı” müsabiqələrində gənc alimlər daha fəal iştirak edirlər. Əgər birinci müsabiqədə elmi tədbirlər üstünlük təşkil edirdisə, 2-ci müsabiqədə əksər layihələr təcrübəartırma xarakterlidir. “Mobillik qrantı”nın ölkədə kadr potensialının formalaşdırılmasında xüsusi rolu vardır.
Yaxın vaxtlarda EİF 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsini elan edəcəkdir. Müsabiqənin ildə ən azı 3 dəfə elan edilməsi alimlərin daha çox elmi tədbirlərdə iştirakına və təcrübələrini artırmalarına imkanı yaradır.