Elmin İnkişafı Fondu məqsədli qrant müsabiqələrinin nəticələrini elan edib
Bakı, 14 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 14-də “Hilton-Bakı” hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimat keçirilib.
EİF-in qrant müsabiqələrində Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), ali təhsil müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından (QHT), elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər (fiziki şəxslər) bərabər əsaslarla və şəffaflıq şəraitində iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev qalib layihələr barədə məlumat verib. Bildirilib ki, “Universitet qrantı” müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk dəfə keçirilib. Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib. Təhsil müəssisələri EİF-in qrant müsabiqələrində kifayət qədər fəal iştirak edirlər.
Elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, EİF-in Himayədarlar Şurası və Maliyyə Nazirliyi ilə razılaşdırılıb. Bir sıra ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulan maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması nəzərdə tutulub. Ötən il noyabrın 3-də “Universitet qrantı” müsabiqəsi elan edilib. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 910 min manat nəzərdə tutulub. Müsabiqəyə 37 layihə daxildir. Layihələrin ümumi maliyyələşdirilmə həcmi 890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Dövlət Neft Akademiyası (4 layihə), Azərbaycan Tibb Universiteti (3), Azərbaycan Dövlət Aqrar Universiteti (2), Azərbaycan Dövlət İqtisad Universiteti (1) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) (1) yerinə yetiriləcək. Layihələr 12, 18 və 24 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə ali təhsil müəssisələrində çalışan yüksək səviyyəli 68 alim və mütəxəssis məşğul olacaq.
E.Babayev diqqətə çatdırıb ki, “Sənaye qrantı” məqsədli müsabiqəsi isə ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədilə keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin reallaşmasına, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək verib. EİF tərəfindən ötən il oktyabrın 27-də elan edilən “Sənaye qrantı” müsabiqəsi çərçivəsində qrant maliyyələşdirilməsinin ümumi həcmi 500 min manat nəzərdə tutulub.
Ümumi maliyyələşdirmə həcmi 480 min manat olmaqla 6 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) (1) , AMEA-nın Aşqarlar Kimyası İnstitutunda (1), AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda (2), akademiyanın Təcrübə-Sənaye Zavodunda (1) və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (1) yerinə yetiriləcək. Layihələr 12 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə 37 alim və mütəxəssis məşğul olacaq. Bir sıra layihələr digər qurumlar ilə (AMEA Geologiya və Geofizika İnstitutu, “İSRA-Group” MMC) birlikdə yerinə yetiriləcək.
Hər iki layihənin texniki və elmi ekspertizası işinə EİF-in daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev EİF tərəfindən həyata keçirilən qrant layihələrin əhəmiyyətindən danışıb, layihələrin işinə uğurlar arzulayıb.
AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Kimya Elmlər Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev və akademiyanın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli EİF-in fəaliyyətini yüksək qiymətləndirib, qalibləri təbrik ediblər. Natiqlər EİF-in həyata keçirdiyi məqsədli layihələrin elm, təhsil və sənayenin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıblar.
Digər çıxış edən layihə rəhbərləri də EİF tərəfindən göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.