Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı”nı yeni şərtlərlə elan edib
Bakı, 22 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) beşinci “Mobillik qrantı” müsabiqəsinin qalib layihə rəhbərləri ilə görüş keçirilib.Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, Elmin İnkişafı Fondu ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr verilib.
EİF-in icraçı direktoru Elçin Babayev kadr hazırlığını nəzərdə tutan bu müsabiqənin qaliblərinin ölkəmizi xaricdə layiqincə təmsil edəcəklərinə, yeni elmi əlaqələr quracaqlarına, təcrübə mübadiləsi aparacaqlarına, əldə etdikləri bilik və bacarıqları elmi fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə əminliyini bildirib.
Tədbirdə EİF-in xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti, altıncı “Mobillik qrantı” müsabiqəsi elan edilib.
Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin ümumi həcmi 100. 000 manat təşkil edəcək.
2015-ci il yanvarın 12-dən aprelin 30-dək xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak arzusunda olanlar ərizələrini müsabiqəyə təqdim edə bilərlər.
EİF altıncı “Mobillik qrantı”ndan başlayaraq müsabiqə şərtlərinə yeni tələblər əlavə edib. Belə ki, müsabiqədə iştirak üçün iddiaçının çalışdığı qurumun rəhbərinin yazılı razılığı olmalıdır. Beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak üzrə dəvətlər birbaşa Elmin İnkişafı Fondunun adına göndərilməlidir. Bu müsabiqədən etibarən türkdilli və rusdilli ölkələr istisna olunmaqla, digər ölkələrdə keçirilən tədbirlər üzrə layihəyə ingilis dilini bilmə səviyyəsini təsdiq edən sənəd təqdim olunduqda üstünlük veriləcək. Sənəd təqdim olunmadığı təqdirdə Fond şifahi müsahibə keçirə bilər.
Müsabiqədə iştirak üçün ərizələr sentyabrın 22-dən oktyabrın 22-si sat 17:00-dək qəbul olunacaq.
Müsabiqənin nəticələrinin noyabr ayında açıqlanması planlaşdırılır.
Ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək olar.