Elmin İnkişafı Fondu növbəti “Şuşa qrantı” müsabiqəsini elan edib
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri və xüsusi layihələrin dəstəklənməsi üzrə növbəti, üçüncü “Şuşa qrantı” müsabiqəsini elan edib.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin əsas prioriteti Qarabağ tədqiqatlarının, maddi və qeyri-maddi irsinin, alban kilsələri və digər tarixi abidələrin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımlarının, erməni diasporunun məkrli fəaliyyəti və təcavüzlərinin, Xocalı
soyqırımının araşdırılması və bu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının, sosial və tibbi problemlərinin və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunması da əsas məqsədlərdəndir.
Üçüncü “Şuşa qrantı” müsabiqəsinin ümumi maliyyə həcmi 300.000 manatdır. Müsabiqə çərçivəsində təqdim olunacaq layihələr kiçik və orta məbləğli qrantlar şəklində maliyyələşdiriləcək. Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı üstünlük veriləcək.
Sənədlərin qəbulu gələn il yanvarın 5-dən fevralın 13-ü saat 17.00-dək aparılacaq. Müsabiqənin nəticələrinin 2015-ci ilin ikinci rübündə açıqlanması planlaşdırılır.
Elmin İnkişafı Fondu Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə 2012-ci il mayın 8-də “Şuşa qrantı” müsabiqəsini təsis edib. Birinci “Şuşa qrantı” müsabiqəsi həmin il keçirilib. Müsabiqənin nəticələri üzrə yerinə yetirilən dörd layihədən ikisi beynəlxalq xarakterli olub, Almaniya və Ukrayna alimləri ilə birlikdə uğurla yerinə yetirilib.
İkinci “Şuşa qrantı” müsabiqəsi isə Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə 2013-cü ildə keçirilib, 10 qalib layihə müəyyənləşdirilib. Bu müsabiqənin nəticələri üzrə layihələr hazırda uğurla yerinə yetirilməkdədir.