Elmin İnkişafı Fondu ötən il elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini açıqlayıb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi-tədqiqat proqramlarının, layihə və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə ötən il elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
EİF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə daxil olan 177 layihə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib. Cari ildə layihələrin texniki və elmi ekspertizası təşkil olunub. Müsabiqənin qaydalarına və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 166 layihə elmi ekspertiza mərhələsinə buraxılıb. Ekspertiza işinə EİF-in daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar.
Hər bir layihə üzrə hazırlanan, statistik məlumatların da daxil olduğu yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurası tərəfindən baxılıb və yekun qərar qəbul edilib.
2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində 2 pilot, 42 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihə olmaqla 46 qalib layihə müəyyənləşdirilib və EİF-in müvafiq qərarı ilə təsdiq olunub. Müsabiqə üzrə maliyyələşdirilmənin ümumi məbləği dörd milyon beş yüz min manat olub.
Qalib layihələr Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarında, ali təhsil müəssisələrində və digər qurumlarda yerinə yetiriləcək. Layihələrdən ikisi Naxçıvanda, biri isə Gəncədə reallaşdırılacaq. Böyük maliyyə həcmli bir pilot layihə üzrə Azərbaycan Respublikasının təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq sahəsində müasir elmi-tədqiqat laboratoriyasının yaradılması Fond tərəfindən maliyyələşdiriləcək. Digər bir pilot layihə üzrə Azərbaycan ərazisində fundamental coğrafi tədqiqatların və Xəzər dənizi ekosisteminin kompleks monitorinqinin həyata keçirilməsinin maddi-texniki bazasının gücləndirilməsi nəzərdə tutulur.
Layihələrdən beşi beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetiriləcək. Onlardan biri elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsini və tətbiqini nəzərdə tutur.
Müsabiqə çərçivəsində “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Müsabiqənin nəticələri barədə ətraflı məlumatı http://sdf.gov.az/qrant/eif_results_2013-9(15).pdf linkində əldə etmək olar.