Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Qarabağ tədqiqatları” üzrə yeddinci xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi ölkədə Qarabağla bağlı elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq miqyasda araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə əlaqədar tədqiqatların aparılmasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımlarının, erməni təcavüzlərinin araşdırılması, bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi, Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanının yaradılması da müsabiqənin məqsədlərindəndir.
Müsabiqə çərçivəsində on min manatadək qrantların verilməsi yolu ilə xarici ölkələrin arxivlərində işləmək üçün müddəti bir ayadək olan layihələrin və proqramların maliyyələşdirilməsi nəzərdə tutulub. Qrant maliyyələşdirilməsinin ümumi həcmi yüz min manat təşkil edəcək.
Alimlərin xarici ölkələrin arxivlərində işləməsi gələn il fevralın üçüncü ongünlüyü və mart-aprel ayları üçün nəzərdə tutulur. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılara elmi dərəcə, elmi ad, yaş və digər bu kimi məhdudiyyətlər qoyulmur.
Sənədlər gələn il yanvarın 5-dən yanvarın 30-u saat 17:00-dək qəbul olunacaq. Bu müddət ərzində fond tərəfindən müvafiq təbliğat işi aparılacaq, tərtibatla bağlı xüsusi seminarlar keçiriləcək. Qalib layihələrlə bağlı nəticələr vaxtaşırı KİV-də müxtəlif dillərdə işıqlandırılacaq. Elmin İnkişafı Fondu müsabiqənin nəticələri barədə kitabın nəşr edilməsini də planlaşdırır.