Elmin İnkişafı Fondu qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirəcəkdir
Bakı, 30 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) fevralın 1-də “Hilton Baku” otelində 2012-ci il üçün ikinci qrant müsabiqəsinin qalib layihə rəhbərləri və fondun əvvəlki müsabiqələrinin uğurla yerinə yetirilmiş layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirəcəkdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 oktyabr tarixli Sərəncamı ilə yaradılmış fond 2010-cu ilin iyunundan bu günədək elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə bir sıra müsabiqələr keçirmiş, 150-dən çox layihə maliyyələşdirilmişdir. Sonuncu müsabiqə üzrə elmin ən müxtəlif sahələrini əhatə edən 39 qalib layihə müəyyənləşdirilmişdir.
Bu yaxınlarda Elmin İnkişafı Fondu iki yeni müsabiqə elan etmişdir. “Mobillik qrantı” müsabiqəsi Azərbaycan alimlərinin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir. Digər müsabiqə isə 2012-ci il sentyabrın 28-də Minskdə EİF ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında imzalanmış əməkdaşlıq haqqında beynəlxalq sazişə əsasən, Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradıcı kollektivlər tərəfindən birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini qrantlar şəklində dəstəkləməyi nəzərdə tutur.
Tədbirdə EİF-in 2012-ci ildəki fəaliyyəti haqqında qısa hesabat təqdim ediləcək və fondun növbəti müsabiqəsi elan olunacaqdır.
Görüşdə qalib layihə rəhbərlərinə fondun iş prinsipi, qrant layihələrinin yerinə yetirilməsinin elmi, maliyyə və hüquqi aspektləri haqqında məlumat veriləcək, suallar cavablandırılacaqdır.
Görüşdə həmçinin əvvəlki müsabiqələr üzrə uğurla yerinə yetirilmiş bir sıra qrant layihələrinin rəhbərlərinə sertifikatlar təqdim ediləcək, fondun elmi nəşrlərin dəstəklənməsi xarakterli qrant layihələri çərçivəsində çap olunmuş kitabların təqdimatı keçiriləcəkdir.