Elmin İnkişafı Fondu “Universitet qrantı”müsabiqəsini elan edib
Bakı, 3 noyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Universitet qrantı” müsabiqəsini elan edib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni formatda keçirilən müsabiqənin məqsədi ölkənin ali məktəblərində əhəmiyyətli elmi araşdırma və tədqiqatların yüksək səviyyədə dəstəklənməsinə yönələn layihələrin qrantlar yolu ilə ünvanlı maliyyələşdirilməsidir.
Müsabiqə EİF-in Himayədarlar Şurası, Təhsil Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılaraq elan olunub.
Fondun keçirdiyi qrant müsabiqələrində Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi qaydada alimlər (fiziki şəxslər) iştirak edirlər. Bu qurumları təmsil edən alim və mütəxəssislərdən təşkil edilmiş müvəqqəti yaradıcı kollektivlərin təqdim etdikləri qrant layihələrinə müsabiqələr zamanı üstünlük verilir.
Təhsil müəssisələri EİF-in qrant müsabiqələrində fəal iştirak edir. 2010-2014-cü illərdə Fondun keçirdiyi 17 müsabiqənin nəticələrinin statistik təhlili göstərir ki, 315 qalib qrant layihəsinin 94-nün rəhbəri ölkədəki 19 təhsil müəssisəsinin təmsilçiləridir.
Elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin səmərəliliyi nəzərə alınmaqla, bir sıra ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulan maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması planlaşdırılıb.
EİF tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin ümumi məbləği 910.000 (doqquz yüz on min) manat nəzərdə tutulub. Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərəcək. Müsabiqə üzrə ekspertizanın nəticələrinə əsaslanaraq, ilk növbədə Azərbaycan Dövlət Neft Akademiyası, Tibb Universiteti, Dövlət Aqrar Universiteti, Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından təqdim olunan layihələr maliyyələşdiriləcək.
Bu ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya texniki-elmi ekspertiza mərhələsindən keçmədikdə, digər ali məktəblərdən təqdim edilən layihələrin müsabiqənin ümumi büdcəsi və şərtləri daxilində maliyyələşdirilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak üçün müvafiq ali təhsil müəssisəsi rəhbərliyinin təqdimatı tələb olunur.
Sənədlər noyabrın 3-dən dekabrın 3-ü saat 17.00-dək qəbul olunacaq. Bu müddətdə qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının (ali məktəblərdə səyyar seminarlar daxil olmaqla) keçirilməsi nəzərdə tutulub.
Müsabiqənin nəticələrinin gələn ilin birinci rübündə açıqlanması planlaşdırılır.
Ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək olar.