Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY-ın birgə iclası keçirilib
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (TÜBİTAK UZAY) təmsilçiləri ilə birgə iclas keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, iclasda EİF və TÜBİTAK UZAY barədə ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, Elmin İnkişafı Fondu Azərbaycan üçün kosmos tədqiqatları sahəsində kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirir. Bu məqsədlə artıq EİF-in “Mobillik qrantı” hesabına bir gənc mütəxəssis bu ilin əvvəlində TÜBİTAK UZAY-da bir aylıq təcrübə keçib. Bu ənənənin gələcəkdə də davam etdirilməsi qərara alınıb. Digər məsələ isə kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin birgə fundamental-tətbiqi layihələrinin dəstəklənməsi barədə razılıq əldə edilməsi olub. Tərəflər birgə elmi tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.
Mayın 20-də isə “AzərKosmos” ASC-də Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY-ın iştirakı ilə üçtərəfli iclas keçiriləcək.
Yaxın günlərdə Elmin İnkişafı Fondu ilə TÜBİTAK arasında elm və texnologiya sahəsində əməkdaşlıq üzrə beynəlxalq saziş imzalanacaq.
Regionun nüfuzlu qurumlarından olan TÜBİTAK 1963-cü ildə yaradılıb və Türkiyədə təbiət elmləri sahəsində fundamental və tətbiqi xarakterli tədqiqatları dəstəkləmək, xüsusilə də gənc alim və mütəxəssisləri bu tədqiqatlara cəlb etmək funksiyalarını yerinə yetirir. TÜBİTAK nəzdində Marmara Tədqiqat Mərkəzi, Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu, Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu, Türkiyə Sənaye İdarəetmə İnstitutu, TEKSEB və Texnopark, Fundamental Elmlər Tədqiqat İnstitutu, Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu, Milli Metrologiya İnstitutu, Kosmos Texnologiyaları Araşdırma İnstitutu (TÜBİTAK UZAY) fəaliyyət göstərir.
TÜBİTAK UZAY 12 müxtəlif tədqiqat qrupuna, ən son texnoloji vasitələrə, modern təchizata və yüksək səviyyəli alim və mühəndis heyətinə malik olmaqla Türkiyə daxilində və regional layihələrdə, həmçinin NATO, EUREKA və Dünya Bankı kimi təşkilatlarla əlaqəli bir çox beynəlxalq araşdırma layihələrində uğurla iştirak edir.