Elmin İnkişafı Fondunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev dünya şöhrətli dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin nəsillərə örnək olan həyat və fəaliyyəti haqqında danışmışdır. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətini və xalqını böyük bir faciədən - parçalanma təhlükəsindən xilas etdiyini vurğulayan E.Babayev ümummilli liderin respublikamıza rəhbərlik etdiyi onilliklər ərzində əldə olunan nailiyyətlərdən söz açmışdır. Hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyi qeyd olunmuşdur.
Milli Məclisin deputatı, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycanda mövcud olmuş siyasi, sosial-iqtisadi durum barədə geniş məlumat vermişdir. O qeyd etmişdir ki, həmin dövrdə hakimiyyət daxilində və ölkədə hər sahədə qarışıqlıq, qanunsuzluq hökm sürürdü.
Gövhər Baxşəliyeva 1993-cü ildə Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra vətəndaş qarşıdurmasının aradan qaldırılması istiqamətində gördüyü işlərdən, müstəqilliyimizin möhkəmləndirilməsi naminə atdığı qətiyyətli addımlardan ətraflı danışmışdır.
Tədbirin sonunda Aleksandr Konçalovskinin “Bremya vlasti” (“Hakimiyyətin yükü”) sənədli filmi nümayiş etdirilmişdir.
######
