Elmin İnkişafı Fondunda “Elimizin, elmimizin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Elimizin, elmimizin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə fondun icraçı direktoru Elçin Babayev ümummilli liderin daim elmə və təhsilə dövlət siyasətinin üstün istiqaməti kimi yanaşmasını vurğulayaraq, Heydər Əliyevin peşəkar strateq olduğunu qeyd etmiş, Azərbaycanda elmin inkişafına verdiyi əvəzsiz töhfələrdən danışmışdır. Bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev, hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər elm və milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.
Diqqətəlayiq haldır ki, yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanmışdır. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərmiş, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görmüşdür.
Natiq vurğulamışdır ki, Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət vermişdir. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanmasıdır. Azərbaycan elminə respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır.
E.Babayev, həmçinin diqqətə çatdırmışdır ki, bu əlamətdar gündə fond 2012-ci ilin 2-ci qrant müsabiqəsini elan edir. Müsabiqə çərçivəsində qrant layihələrinin maliyyələşdirilməsinin həcmi 8,9 milyon manat olacaqdır. Qrant müsabiqəsi çərçivəsində təqdim olunacaq layihələr müxtəlif maliyyə həcmli qrantlar şəklində olmaqla müxtəlifyönlü layihələri əhatə edəcəkdir. Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədləri EİF-in internet saytının (http://sdf.gov.az) “Qrant müsabiqələri” bölməsindən əldə etmək olar.
Sonra EİF-in baş məsləhətçisi Günel Həsənova “Elimizin, elmimizin hamisi - Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə, həmçinin EİF-in bu günədək başa çatmış qrant layihələrinin rəhbərlərinə sertifikatlar təqdim olunmuşdur.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.