Elmin İnkişafı Fondunda Milli Qurtuluş Günü qeyd olunmuşdur
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, fondun icraçı direktoru Elçin Babayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunmuş nailiyyətlərdən geniş söhbət açılmışdır.
E.Babayev dahi şəxsiyyətin layiqli varisi olan Prezident İlham Əliyevin yeni, davamlı inkişaf strategiyasından, uğurlarından danışmış, ölkəmizin iqtisadi potensialının, beynəlxalq aləmdə nüfuzunun daha da artdığını qeyd etmişdir.
Vurğulanmışdır ki, dövlətimizin başçısının “qara qızılı insan kapitalına çevirmək” siyasəti digər sahələrdə olduğu kimi, elmin inkişafına da mühüm töhfələr verir. Azərbaycan Prezidentinin elmə göstərdiyi böyük qayğı və diqqətin nəticəsində elmi tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılır.
Fondun əməkdaşı Leyla Zamanlı Milli Qurtuluş Gününün xalqımızın həyatında mühüm tarixi-siyasi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirmişdir ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Tədbir çərçivəsində birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş layihələrin rəhbərləri ilə görüş keçirilmişdir.
Müsabiqə üzrə fundamental-tətbiqi xarakterli yeddi layihə qalib elan edilmişdir. Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmənin məbləği 490 min manat nəzərdə tutulmuşdur. Fizika-riyaziyyat və texnika elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən layihələr Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda (RPİ), Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində (BSU) yerinə yetiriləcəkdir. Belarus tərəfdən Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Metalpolimer Sistemlərinin Mexanikası İnstitutu, Energetika İnstitutu, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Dövlət Universitetinin Tətbiqi Fizika Problemləri İnstitutu və Belarus Dövlət Pedaqoji Universitetinin əməkdaşları birgə elmi-tədqiqat layihələrində iştirak edəcəklər.
Qalib layihə rəhbərləri - BSU-nun professoru Təvəkkül Şükürbəyli və professor Rəhim Mədətov (AMEA RPİ) onlara göstərilən etimadı doğruldacaqlarını bildirmişlər. Natiqlər vurğulamışlar ki, dahi şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmişdir. Qısa müddətdə ölkədə siyasi-iqtisadi sabitlik yaratmağa nail olan Ulu Öndər dövlətimizin və millətimizin qurtuluşuna imza atmışdır.
Fondun baş məsləhətçisi Günel Həsənova qalib layihə rəhbərlərini qrant layihələrinin idarə olunmasının hüquqi və maliyyə aspektləri ilə tanış etmiş, sualları cavablandırmışdır.
Sonda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş videomateriallar nümayiş etdirilmişdir.