Elmin İnkişafı Fondunun qalib layihəsi çərçivəsində ezamiyyət təşkil edilib
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qalibi olmuş “Kiçik Qafqaz təbii vilayətinin turizm-rekreasiya potensialının qiymətləndirilməsi və reyestri” layihəsi çərçivəsində elmi araşdırmalar aparan tədqiqatçıların ezamiyyəti təşkil edilib.
Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, yerlərdə tədqiqatların aparılması, mövcud vəziyyətin öyrənilməsi, müalicəvi suların müasir vəziyyətinin təhlili, resursların geoinformasiya bazasının rəqəmsallaşdırılması, ehtiyatların pasportlaşdırılması üçün layihə rəhbəri Vüqar Dərgahov, icraçılar Qoşqar Məmmədov, Səbuhi Talıbov Göygöl, Daşkəsən, Goranboy, Gədəbəy, Tovuz rayonları, Gəncə və Naftalan şəhərlərində ezamiyyətdə olublar. Ezamiyyət müddətində qeyd edilən rayonların təbii, antropogen rekreasiya turizm obyektlərinə baxış keçirlib, GPS koordinatları müəyyənləşdirilib, elektron xəritələrin tərtibi üçün məlumatlar toplanıb. Layihə üzrə ezam olunan əməkdaşlar tərəfindən yeni, qeydiyyata alınmamış təbii və milli irs nümunələrinin GPS koordinatları müəyyən edilib. Eyni zamanda, qeyd olunan regionlar üzrə müalicəvi suların, təbiət abidələrinin və ənənəvi sənətkarlıq mərkəzlərinin GPS koordinatları göstərilib və müasir vəziyyəti öyrənilib.
Ümumilikdə Göygöl rayonunda 6 milli, 17 təbii, Daşkəsəndə 14 milli, 10 təbii, Gədəbəydə 11 milli, 18 təbii, Tovuzda 9 milli, 20 təbii, Goranboyda 6 milli, 10 təbii irs nümunələrinə baxış keçirilib. Onların müasir vəziyyəti qiymətləndirilib, dəqiq koordinatları vurulub. Qeyd olunan təbii və milli irs resurslarının reyestrinin tərtibi üçün əlavə məlumatlar toplanılıb, onlar haqqında ədəbiyyatda verilmiş məlumatlar dəqiqləşdirilib.