“Elsevier” nəşriyyatının nümayəndələri Elmin İnkişafı Fondunda olmuşlar
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda dünyanın ən iri nəşriyyatlarından olan “Elsevier”in Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə menecerləri Ayhan Akanay Saraçoğlu və Yıldız Kıdıraliyeva ilə görüş keçirilmişdir.
EIF-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə fondun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında qonaqlara məlumat vermişdir.
A.Saraçoğlu nəhəng informasiya mənbəyi olan “Elsevier”in imkan və üstünlüklərindən, 2007-2011-ci illərdə Azərbaycan alimlərinin elmi fəaliyyətlərinə dair göstəricilərdən söz açmışdır.
Görüşdə EİF ilə “Elsevier” nəşriyyatı arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilmiş, “Elsevier” tərəfindən müntəzəm şəkildə Azərbaycan alimləri üçün öyrədici seminar və treninqlərin keçirilməsinə fondun dəstək verəcəyi razılaşdırılmışdır.
Eyni zamanda, Azərbaycan alimlərinin Qərbdə nəşr olunan elmi jurnallara göndərmək üçün hazırladıqları məqalələrin tərtibatına kömək məsələsi də müzakirə edilmişdir. EİF və “Elsevier”in nümayəndələri bu nəşriyyatın məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirən ətraflı hesabat hazırlayacaqları barədə razılığa gəlmişlər.
1880-ci ildə Hollandiyada əsası qoyulmuş və hazırda dünyanın iri nəşriyyatlarından sayılan “Elsevier” dünya üzrə elmi jurnallarda nəşr edilən məqalələrin təqribən 25 faizini çap edir. Aparıcı elmi-texniki informasiya naşiri olan “Elsevier” 2000-dən çox elmi jurnal buraxır və öz elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanış olmaq imkanı yaradır. Nəşriyyat dünyanın 180 ölkəsindən 4500-dən artıq quruma (akademiyalar, elmi-tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir. “Elsevier”in “Science Direct”, “Scopus” kimi mükəmməl elektron xidmətləri və 30 milyona yaxın istifadəçisi vardır.