“ƏMƏK PENSİYALARI HAQQINDA” VƏ “SOSİAL SIĞORTA HAQQINDA” QANUNLARA DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sosial siyasət daimi komissiyasının oktyabrın 23-də keçirilmiş iclasında “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə məsələ müzakirə olunmuşdur.
Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, bundan sonra yaşa görə əmək pensiyası ona hüququ olan şəxsin müraciəti əsasında, əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi vaxtdan tez olmamaqla ömürlük təyin ediləcəkdir.
Bundan başqa, dəyişiklikdə vəfat etmiş pensiyaçının yaxınlarına onun aylıq əmək pensiyasının baza hissəsinin 3 misli həcmində müavinətin verilməsi də nəzərdə tutulmuşdur.
“Sosial sığorta haqqında” Qanuna təklif olunan edilmiş əlavələr və dəyişikliklər isə sosial sığortaya cəlb olunan şəxslər, sosial sığorta ödəyicilərinin uçotu, sığorta haqları ilə bağlıdır.
Komissiya üzvlərinin və mütəxəssislərin rəy və təklifləri nəzərə alınmaqla, hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunmuşdur.