ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ ŞİRVANDA ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Şirvan, 9 aprel ( AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə aprelin 9-da Şirvan şəhərində zona müşavirəsi keçirilmişdir. Tədbirdə nazirliyin, respublikanın Muğan və Cənub bölgələrinə daxil olan 14 rayonunda fəaliyyət göstərən müvafiq strukturlarının məsul şəxsləri iştirak etmişlər.
Nazir Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi siyasətinin həyata keçirilməsində qurumun əldə etdiyi uğurlar və qarşıda duran vəzifələr barədə danışmışdır.
Nazirliyin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov “Zonalar üzrə ünvanlı sosial yardımların təyinatı ilə bağlı vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin yerində aparılmış araşdırmalarının nəticələri”, Tibbi-sosial ekspertizanın təşkili və əlillərin reabilitasiyası şöbəsi müdirinin müavini Saday Abdullayev “Zonalar üzrə əlilliyin təyini, reabilitasiyası və bu sahədə vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin təhlili”, “Sağlam həyat mədəniyyəti” ictimai birliyinin rəhbəri Əhməd Qəşəmoğlu “Əhalinin müəyyən təbəqəsinin ünvanlı sosial yardımla təmin olunması sahəsində vəziyyətin öyrənilməsi və bu sahədəki işlərin daha da təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması məqsədilə pilot rayonlarda aparılmış sorğuların nəticələri”, Ombudsman aparatı İnsan hüquqları şöbəsinin müdiri Adil Eyvazov “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhatə etdiyi sahələr üzrə vətəndaşlar tərəfindən daxil olmuş ərizə və şikayətlərin araşdırılması” mövzularında çıxış etmişlər.
Müşavirədə ünvanlı dövlət sosial yardımı sisteminin icrası, əlillərin tibbi-sosial ekspertizası və reablitasiyası, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tənha ahıl və əlil vətəndaşlara sosial xidmətin təşkili, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların səmərəli məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi və s. istiqamətlərdə görülən tədbirlərin nəticələri, qarşıda duran vəzifələr işgüzarcasına müzakirə olunmuşdur.
Nazir Füzuli Ələkbərov müşavirəyə yekun vurmuşdur.
Həmin gün Füzuli Ələkbərov Şirvan şəhərinin bir qrup sakinini qəbul edərək, onların qayğı və problemləri ilə də maraqlanmışdır.