MƏDƏNİYYƏT
Əməkdar artist Ələkbər Əliyev 65 illiyini tamaşaçılarla qeyd edib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettası - "Ər və arvad” musiqili komediyası nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (1910-cu ildən) indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən sevilən səhnə əsəri bu dəfə Musiqili Teatrın tanınmış aktyoru, Əməkdar artist Ələkbər Əliyevin anadan olmasının 65 illiyi münasibətilə təqdim olunub.
Nümayişdən öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edərək, sevilən aktyorun yaradıcılığından danışıb.
Sonra səhnə əsəri nümayiş olunub.
Ələkbər Əliyev bu tamaşada Mərcan bəy obrazını canlandırıb. Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, Nigar Qarayeva və başqaları Əməkdar artistlə eyni səhnəni bölüşüblər.