MƏDƏNİYYƏT
Əməkdar Artist Fidan Hacıyevanın “Sevgili canan” adlı solo konserti fərqli üslubda təqdim olunacaqdır

Bakı, 2 aprel (AZƏRTAC, Türkan Abdullayeva). Əməkdar Artist Fidan Hacıyevanın “Sevgili canan” adlı solo konserti fərqli üslubda təqdim olunacaqdır. Sənətçini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 150 nəfərdən ibarət simfonik orkestri müşayiət edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar Artist Fidan Hacıyevanın aprelin 19-da Heydər Əliyev Sarayında reallaşacaq “Sevgili canan” adlı solo konserti ilə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilmişdir.
Tədbirdə çıxış edən Fidan Hacıyeva cidd-cəhdlə konsertə hazırlaşdığını, həmin gün bu illər ərzində qazandığı təcrübəni nümayiş etdirmək arzusunda olduğunu demişdir.
Bildirmişdir ki, konsertdə bir çox yeniliklər, improvizələr olacaq, opera ilə pop-caz musiqisi sintez ediləcəkdir. Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səsləndiriləcək, ikinci hissədə isə sırf romanslar təqdim olunacaqdır.
Qeyd olunmuşdur ki, konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Xalq Artisti Cavanşir Cəfərovdur.
Diqqətə çatdırılmışdır ki, konsert üçün bir neçə il Amerikada təhsil almış aranjimançı Allahyar Rzayev tərəfindən yeni partituralar yazılmışdır. Fidan Hacıyeva bu partituranı müğənni Çingiz Mustafayev ilə birlikdə oxuyacaqdır. Bununla yanaşı, bir neçə duet də ifa edəcəklər. Həmçinin konsertdə F.Hacıyevanın digər tərəf- müqabilləri də olacaqdır.
Konsert boyu hər ifa zamanı arxada quraşdırılmış LED ekranda yeni çəkilmiş videoçarxlar nümayiş etdiriləcəkdir.
Sənətçi konsertdə bir çox sürprizlərin olacağını da vurğulamışdır.