Əməkdar memar Tələt Xanlarovun anadan olmasından 95 il ötür
Bakı, 26 avqust, AZƏRTAC
Bu gün postmodernizm üslubunun klassiklərindən biri, Əməkdar memar Tələt Xanlarovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 95-ci ildönümü tamam olan görkəmli memar Bakı, Sumqayıt və respublikamızın digər şəhərlərində icra edilmiş 60-dan artıq maraqlı memarlıq layihələrinin müəllifi və həmmüəllifi olub.
Tələt Xanlarov 1927-ci il avqustun 26-da Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin Hüquq fakültəsinin məzunu Аğasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində dünyaya göz açıb. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından olub. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq bölümünü bitirib. 1956-1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərdövlətlayihə” Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaradıb.
1992-ci ildən o, “Akademik T.A.Xanlarovun yaradıcılıq emalatxanası”na başçılıq edib. Həmin dövrdə Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan “İmam Rza” məscidi, Qafqaz İslam Universitetinin kompleksi, prokurorluq işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini işləyib. 1967-2002-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərib.
Paytaxtdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Respublika Statistika Komitəsinin binası, Bakının Nərimanov rayonunda Cümə məscidi, metronun “Memar Əcəmi” stansiyası, Bakının Nərimanov və Nizami rayonlarının icra hakimiyyətlərinin binaları, Sumqayıt şəhərindəki Kimyaçıların Mədəniyyət Sarayı, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası və digər layihələr onun yaradıcı təxəyyülünün məhsuludur. Tələt Xanlarov, həmçinin Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və məzarüstü abidələrin müəllifidir.
Tanınmış memar 2004-cü ildə dünyasını dəyişib.