RƏSMİ XRONİKA
ƏMƏKDAŞLIQ İMKANLARI GENİŞ VƏ SƏRFƏLİDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İRANA RƏSMİ SƏFƏRİ DAVAM EDİR
Heydər Əliyev Kiş adasının rəhbərlərini və adanın əhalisini salamladı, onlara öz hörmət və ehtiramını bildirdi və buraya gəlməsindən məmnun qaldığını söylədi. Azərbaycan Prezidenti dedi ki, İranla Azərbaycan arasında əməkdaşlığın genişlənməsində ticarət sahəsində əlaqələrin yaxşılaşdırılmasının da böyük əhəmiyyəti vardır. Dövlət başçısı qeyd etdi ki, Kiş adasına gəlməsinin əsas məqsədi bu azad zonada görülən işlərlə yaxından tanış olmaqdır. O dedi: Biz çox istərdik ki, dost və qardaş İran İslam Respublikasının Kiş adası ilə də hərtərəfli əlaqələr quraq və bu azad iqtisadi zonada əldə olunmuş təcrübədən bəhrələnək.
Heydər Əliyevə məlumat verildi ki, təxminən 7 il bundan əvvəl boş səhradan ibarət olan Kiş adası azad iqtisadi zona elan edildikdən sonra burada böyük sıçrayış baş vermiş və ada qısa vaxtda sürətli inkişaf yoluna düşmüşdür. Burada əsasən ticarət və turizm geniş inkişaf edib. Prezidentə bildirildi ki, azad iqtisadi zonada xarici şirkətlərlə sərbəst əlaqələr qurulmuşdur. Buraya mal gətirmək, mal aparmaq, gediş-gəliş tam sərbəstdir və heç bir icazə tələb olunmur. Kiş adasına kapital qoyuluşu da tam sərbəstdir. Buraya qoyulan sərmayə üçün heç bir təhlükə yoxdur və əvvəlcədən ona tam təminat verilib. Adada əhalinin sosial müdafiəsi üçün xeyli iş görülmüş, adamların həyat səviyyəsi əsaslı surətdə yüksəlmişdir. Burada xeyli bina inşa edilmiş, iqamətgahlar tikilmiş, istirahət zonası salınmışdır, turizmin inkişafına xüsusi diqqət yetirilir.
Görüşdə qeyd edildi ki, Kiş adasının işgüzar dairələri Azərbaycanla sıx əlaqələr qurulmasına tam tərəfdardırlar və bu yolda mühüm addımlar atmaq niyyətindədirlər. Müştərək azad iqtisadi zonalar yaradılması təklifi də irəli sürüldü. Azərbaycan Prezidenti bu təklifi razılıqla qarşıladı və onun öyrənilib həyata keçirilməsi üçün elə buradaca lazımi tapşırıqlar verdi. Belə bir fikir də söylənildi ki, hər iki tərəfdən bu işə ciddi nəzarət etmək və onun həyata keçirilməsini sürətləndirmək məqsədi ilə komitə yaradılmasına ehtiyac vardır. Ticarət və turizm əlaqələrinin hərtərəfli inkşafını tənzimləyəcək xüsusi komissiyanın vacibliyi də qeyd olundu.
Kiş adasında digər sahələrin inkişafı üçün də imkanlar genişdir. Lakin yerli rəhbərlərin fikrincə, adanın ekologiyasının qorunması daha vacibdir. Ona görə də onlar turizm və ticarətə daha çox maraq göstərirlər.
Azərbaycan Prezidenti görüşdə söylənilən təklifləri razılıqla qarşıladı və Kiş adasında qısa vaxt ərzində görülmüş işləri müsbət qiymətləndirdi. O əmin olduğunu bildirdi ki, yaxın vaxtlarda Kiş adası ilə Azərbaycan arasında qarşılıqlı ticarət və turizm əlaqələrinin qurulması üçün hər iki tərəf lazımi tədbirlər görəcəkdir. Heydər Əliyev Azərbaycanda da azad iqtisadi zonalar yaradılmasına böyük maraq olduğunu söylədi. O bildirdi ki, hələ bir neçə il bundan əvvəl Naxçıvanda belə bir zona yaratmaq təklifi irəli sürülmüşdü. Respublikanın digər bölgələrində də belə zonalar yaratmaq imkanları vardır. Lakin hələlik bir sıra səbəblər üzündən bu məsələlərin həllinə lazımi diqqət yetirmək mümkün deyildir.
Kiş adasının iş adamları ilə görüşdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, Naxçıvan MR Ali Məclisinin sədri Namiq Həsənov, muxtar respublikanın Baş naziri Şəmsəddin Xanbabayev və digər rəsmi şəxslər iştirak edirdilər.
Görüşdən sonra Azərbaycan Prezidenti Kiş adasının ticarət mərkəzi və bir sıra görməli yerləri ilə tanış oldu.
Həmin gün axşamüstü Heydər Əliyev və onu müşayiət edən şəxslər xüsusi təyyarə ilə Tehrana qayıtdılar.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri