İQTİSADİYYAT
ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK QAYDALARI DİQQƏT MƏRKƏZİNDƏDİR
Bakı, 27 aprel (AZƏRTAC). Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə keçirilən ənənəvi müsabiqə-baxışda fərqlənən müəssisələr arasında “Mingəçevir Yüksəkgərginlikli Elektrik Şəbəkəsi” MMC və “Mingəçevir SES Silsiləsi” MMC də vardır. Hər iki müəssisə öz nominasiyasında ikinci mükafata layiq görülmüşdür.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, ötən il “Mingəçevir Yüksəkgərginlikli Elektrik Şəbəkəsi” MMC-də heç bir bədbəxt hadisə və ya peşə xəstəliyinə yoluxma halı qeydə alınmamışdır. Müəssisənin mühəndis-texniki işçilərindən 12, elektrik montyorlarından isə 5 nəfəri kurslarda öz biliklərini artırmış və müvafiq sertifikat almışdır. Müəssisədə hər ayın ikinci həftəsinin ikinci günü təhlükəsizlik günü elan olunmuşdur.
“Mingəçevir SES silsiləsi” MMC-də də texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə tədbirlər planına əməl edilmişdir. İş yerlərinin attestasiyası aparılmış, sexlərdə yanğına qarşı məşqlər keçirilmişdir.
Hər iki müəssisədə müsabiqə-baxışın mükafatının təqdimetmə mərasimləri olmuşdur. Mərasimlərdə Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rafiq İldarov işçiləri təbrik etmiş, komitənin ayırdığı hədiyyələri - sutəmizləyici qurğuları və soyuducuları kollektivlərə təqdim etmişdir.