İQTİSADİYYAT
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ İNVESTİSİYA MÜSABİQƏSİ ELAN ETMİŞDİR
Bakı, 5 oktyabr (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin 99,83 faizinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.
Səhmdar cəmiyyətinin investisiya müsabiqəsinə çıxarılmış səhmlərinin sayı 3 milyon 766 min 106 ədəd təşkil edir. Bu səhmlərin ümumi nominal dəyəri isə 7 milyon 532 min 212 manatdır.
İddiaçılar dövlət büdcəsinə ödəniləcək 1 milyon 500 min manat vəsaitdən və Komitəyə təqdim olunacaq 100 min ədəd dövlət özəlləşdirmə çekindən az olmamaq şərti ilə müvafiq təkliflər verməlidirlər.
Xarici investorlar təklif edəcəkləri dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidirlər.
Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərini alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini 90 təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini 30 təqvim günü müddətində təklif etdiyi sayda dövlət özəlləşdirmə çeklərini (xarici investor olduqda həm də dövlət özəlləşdirmə opsionlarını) təqdim etməlidir. Həmçinin investisiya proqramı ilə müəyyən edilmiş investisiyanın ümumi həcminin 5 faizə qədər hissəsini pul vəsaiti şəklində 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflərin qəbulu noyabrın 1-dək, müsabiqə komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi isə noyabrın 3-dən həyata keçiriləcəkdir.