CƏMİYYƏT
Ən təmiz çimərliklərə malik Avropa ölkələrinin adları açıqlanmışdır
Bakı, 26 may (AZƏRTAC). Avropada çimmək üçün ən təmiz suyu olan ölkələr Kipr, Xorvatiya, Malta və Yunanıstandır. Bu ölkələrdə çimərliklərin təxminən 90 faizi suyun keyfiyyətinin ən ciddi tələblərinə cavab verir. Bu barədə ətraf mühit üzrə Avropa agentliyi və Avrokomissiyanın illik məruzəsində məlumat verilmişdir.
Xarici mətbuat orqanlarına istinad edən AZƏRTAC bildirir ki, bu baxımdan ən mənfi göstəricilər Hollandiya, Bolqarıstan, Latviya, Lüksemburq və Belçikaya məxsusdur. Burada çox az çimərliklər, xüsusilə daxili su hövzələrindəki suyun təmizliyi keyfiyyət tələblərinə cavab verir.
Ənənəvi yay istirahət istiqamətlərində suyun keyfiyyəti bütünlüklə yaxşı qiymət almışdır. 90 faizdən artıq çimərlik yerlərində suyun keyfiyyəti zəruri tələblərə cavab verir. İspaniya, İtaliya və Portuqaliyanın 80 faizdən artıq çimərliklərində suyun keyfiyyəti əla qiymətə layiq görülmüşdür.
Bu ilin çimərlik üçün məqbul olan su hövzələrinin siyahısına, açıq suda marafon və üzgüçülük yarışları da daxil olmaqla, Olimpiada çərçivəsində bir neçə tədbirin keçiriləcəyi Londondakı Serpantin gölü də daxil olmuşdur.
2012-ci ildə Avropa İttifaqı ölkələrində 92 faizdən artıq çimərlik yararlıdır və suyun keyfiyyəti ən minimal tələblərə cavab verir.