CƏMİYYƏT
Ənənəvi ''İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası iştirakçılarının sayı ilbəil artır
Bakı, 3 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ''İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasının xarici ölkələrdən gəlmiş iştirakçıları ilə görüş olmuşdur.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə görüşdə çıxış edərək ənənəvi olaraq keçirilən Beynəlxalq Bakı olimpiadasının iştirakçılarının sıralarının ilbəil artdığını qeyd etmişdir. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş vüsət almış ekoloji hərəkatın uğurlarından söz açan R.Hüseynzadə ARDNŞ-nin bu sahədə həyata keçirdiyi genişmiqyaslı tədbirlər haqda məlumat vermiş, Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində intensiv rekultivasiya və yaşıllaşdırma işləri aparıldığını vurğulamışdır.
R.Hüseynzadə tədbir iştirakçılarını VIII Olimpiadanın açılışı münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Görüşdə qeyd olunmuşdur ki, 'İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasına 50 xarici ölkənin məktəbli komandası tərəfindən göndərilmiş 425 layihədən 58-i, Azərbaycanın 180 orta məktəbindən təqdim olunmuş 214 layihədən 62-si sonuncu tura buraxılmışdır. Bu il xarici məktəblilərin daha 62 layihəsi müsabiqədənkənar təqdim ediləcəkdir.
Xarici ölkələrdən gəlmiş məktəblilər səmimi görüş üçün minnətdarlıqlarını bildirmiş, Azərbaycanla ilk tanışlıqdan aldıqları xoş təəssüratlardan danışmış, xatirə şəkli çəkdirmişlər. Sonda olimpiada iştirakçılarına ARDNŞ-nin xatirə hədiyyələri təqdim olunmuşdur.