DÜNYA
Antoni Blinken və Van İ Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bakı, 6 dekabr, AZƏRTAC
ABŞ Dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Van İ telefon danışığı zamanı Yaxın Şərqdə yaranmış vəziyyəti və regionda münaqişənin genişlənməsinin qarşısını almaq üçün səylərin vacibliyini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller məlumat verib. Onun sözlərinə görə, tərəflər, həmçinin noyabrda Kaliforniyada ABŞ Prezidenti Cozef Bayden və ÇXR Sədri Si Cinpin arasında keçirilən sammitdə bir sıra mühüm məsələlər üzrə əldə edilən irəliləyişin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıblar.
Antoni Blinken son vaxtlar Yəmənin Qırmızı dənizdə ticarət gəmilərinə PUA hücumlarına da toxunub. ABŞ Dövlət katibi hücumların dənizdə təhlükəsizliyə təhdid yaratdığını və bütün dövlətlərin hörmət etməyə borclu olduğu beynəlxalq hüquq üçün qəbuledilməz olduğunu bildirib.