EPF: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Azərbaycan və bütövlükdə Cənubi Qafqaz ölkələrinin ekologiyasına təhdiddir VİDEO





Bakı, 10 aprel, AZƏRTAC
Bakıda “Environmental Protection First” (EPF) Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçirib.
AZƏRTAC xəbər verir ki, brifinqdə koalisiyanın üzvləri, qeyri -hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan Araz çayında ekoloji çirklənmə ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaratmalıdır. Onun sözlərinə görə, Ermənistanın özündə belə vətəndaş cəmiyyəti təşkilatları bu məsələ ilə bağlı mövqelərini açıqladıqlarına görə ciddi təzyiq və təqiblərə məruz qalıblar: “Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər də iştirak etməlidirlər".
Koalisiyanın həmtəsisçisi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva isə bildirib ki, Ermənistanın ekoterroru həm Cənubi Qafqaz, həm də digər ölkələr üçün böyük təhdiddir. Ermənistanın transsərhəd çaylarını çirkləndirməsi BMT-nin Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) Konvensiyasının tələblərini ciddi şəkildə pozur. Onun sözlərinə görə, dünyanın 70-ə yaxın ölkəsindən, o cümlədən Ermənistanın qeyri-hökumət təşkilatları dağ mədən sənayesinin transsərhəd çaylarını çirkləndirilməsinə göz yumduğuna görə Ermənistan hökumətinə müraciətlər edib, narahatlıqlarını ifadə ediblər: “İranın "Pəyam-e ma" adlı ekoloji qəzetində yayımlanan son hesabat Araz çayında 59 ağır metalın, o cümlədən alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumun yüksək konsentrasiyasını göstərib. Bu çirklənmənin əsas mənbəyi Ermənistanın mədən fəaliyyəti hesab olunur. Çayın sahilində yaşayan əhali arasında sağlamlıq problemləri, xüsusilə də mədə xərçəngi hallarının artması müşahidə olunur. Bu ekoloji fəsadlara meşələrin genişmiqyaslı qırılması, dayanıqsız ağac kəsmə, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir”.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, Ermənistan ərazisində fəaliyyət göstərən “Əkərək” (Aqarak) mis-mədən kombinatından çıxan kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır. QHT sədri bu amilin Araz çayı hövzəsinə dağıdıcı təsirindən də danışıb. “13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı "Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji standartlara əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və Ekspo Konvensiyasına açıq müraciət ediblər. Onu da qeyd etmək lazımdır ki, göndərilən məktubların heç birinə cavab verilməyib",-deyə o bildirib.