CƏMİYYƏT
EPF Koalisiyası: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Cənubi Qafqazın ekologiyasını zəhərləyir VİDEO
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Bakıda “Environmental Protection First” (EPF) Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçiriblər.
AZƏRTAC xəbər verir ki, brifinqdə çıxış edən EPF Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov əvvəlcə koalisiyanın yaradılması məqsədlərindən söz açıb. Xatırladıb ki, EPF Koalisiyası 2023-cü ilin yayında ölkədə fəaliyyət göstərən dörd Qeyri-Hökumət Təşkilatı tərəfindən təsis edilib. Koalisiya 2023-cü ilin iyun ayında Ermənistanın xarici investorların dəstəyi ilə Azərbaycanın tarixi torpaqları olan Arazdəyən ərazisində metallurgiya zavodunu tikmək barədə bəyanat verməsindən sonra yaradılıb.
“Buna etiraz əlaməti olaraq, Azərbaycanda ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lər bəyanat və etirazlarını səsləndirdilər. Sonra bu məsələni ciddi nəzarətə götürdük və prosesi izləməyə başladıq. Bu məqsədlə də koalisiya yaratdıq. Daha sonra bu sahə üzrə ixtisaslaşmış müstəqil ekspertləri də prosesə cəlb etdik. Mütəmadi olaraq səsləndirdiyimiz etiraz bəyanatları nəticəsində zavodun tikintisinin dayandırılmasına qərar verildi”, - deyən A.Məmmədov bildirib ki, 2023-cü ildə “Azərkosmos” tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən 20-dən çox dağ-mədən sənayesi müəssisəsinin fəaliyyətinin kosmik təsvirləri təqdim edilib. Kosmik təsvirlərdə 1990-cı illərin sonlarından və son üç ilə yaxın müddətdə həmin ərazilərdəki dəyişiklik, torpaqların vizual təsviri əks olunurdu. Təsvirlərdən də görünürdü ki, dağ-mədən sahəsində fəaliyyət göstərən sənaye müəssisələrinin olduqları yerlərin ərazisi genişlənib. Həmçinin xəritələrdə torpaqların rənginin dəyişməsi, çirklənməsi müşahidə edilirdi. Bununla bağlı Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrin iştirakı ilə geniş təqdimat keçirilib.
Onun sözlərinə görə, 2024-cü ilin əvvəlində Ermənistanda fəaliyyət göstərən bir neçə QHT tarixi torpağımızda - Amuldağ yatağı olan ərazidə yeni yataqların istismarı ilə bağlı Ermənistan hökumətinin qərarına etiraz edib. EPF Koalisiyası da Ermənistanda yatağın istismarına etiraz edən QHT-lərlə həmrəy olduğunu bildirib. Buna görə də həmin QHT-ləri Ermənistanda Azərbaycana casusluq etməkdə günahlandırıblar.
A.Məmmədov, həmçinin əlavə edib ki, 2024-cü ilin mayında EPF Koalisiyasının üzvü olan Azərbaycan Kartoqraflar Cəmiyyəti erməni, ingilis və Azərbaycan dillərində hazırladığı Ermənistanın dağ-mədən sənayesi xəritəsini ictimaiyyətə təqdim edib: “Ermənistan Espo Konvensiyasının üzvüdür. Konvensiyaya qoşulan ölkələrin hər birinin transsərhəd kontekstində ətraf mühitin qiymətləndirilməsi ilə bağlı öhdəliyi var. Əgər bir ölkə qonşu dövlətin sərhədinə yaxın ərazidə sənaye və iqtisadi fəaliyyət həyata keçirərsə, bununla bağlı mütləq şəkildə həm öz ölkəsinin, həm də qonşu dövlətin ictimaiyyətinə və hökumətinə hesabat təqdim etməlidir. Lakin Ermənistan tərəfindən bizim bu çağırışlarımıza məhəl qoyulmur. Bütün fəaliyyətlərə və etirazlara baxmayaraq, Ermənistan hökuməti hələ də xarici investorların Ermənistan ərazisində dağ-mədən fəaliyyətlərə yatırım etməsinə imkan yaradır və ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının nə Ermənistan ictimaiyyətinə, nə də qonşu ölkələrə təqdim olunmasını tələb etmir. Konvensiyanın tələbinə uyğun olaraq, Ermənistan azərbaycanlı ekspertlərin də bu ərazilərdə monitorinq keçirməsinə şərait yaratmalıdır. Biz öz şərti sərhəddə olan ərazimizdə həyata keçirilən fəaliyyətin əhalinin sağlamlığına necə təsir edib-etməyəcəyinin monitorinqini aparmalıyıq. Həmçinin müstəqil şirkət və ekspertlər tərəfindən hər hansı hesabat hazırlanarsa, onlar mütləq şəkildə Azərbaycana təqdim olunmalıdır”.
Azərbaycan vətəndaş cəmiyyətləri tərəfindən fəaliyyətin gücləndirildiyini vurğulayan həmtəsisçi, bu məsələlərin bütün beynəlxalq tribunalarda qaldırıldığını da vurğulayıb.
“Ermənistanın Cənubi Qafqaz regionuna vurduğu zərərin miqyasını dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri bu məsələdə geri çəkilmək niyyətində deyil və sonadək mübarizəmizi davam etdirəcəyik. Həmin şirkətlərin də hesabat yaymasını qəti şəkildə tələb edirik. Məlumdur ki, filizdən metal əldə edilməsi üçün müxtəlif kimyəvi maddələrdən, o cümlədən sianiddən istifadə olunur. Bu maddənin utiliziya olunub-olunmadığı barədə heç bir məlumat yoxdur. Həmin kimyəvi maddənin hara axıdıldığı məlum deyil. Bilirsiniz ki, axıntılar yeraltı su laylarını da çirkləndirir. Həmin yeraltı su layları transsərhəd ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarına artezian quyusundan, ümumiyyətlə yeraltı sulardan istifadə etdikdə həyatları üçün risk yaradır. Həmçinin qeyd edim ki, Ermənistan minalar vasitəsilə də ərazilərimizə kifayət qədər zərbə vurub. Bu da köçkünlərin öz torpaqlarına vaxtında qayıtması imkanlarını məhdudlaşdırır. Ona görə də mina təhlükəsi neytrallaşdırılmalıdır", - deyə A.Məmmədov diqqətə çatdırıb.
Daha sonra çıxış edən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bildirib ki, onların məqsədi Ermənistanın dağ-mədən müəssisələrinin fəaliyyətini araşdırmaq və bu fəaliyyətin ətraf mühitə vurduğu ziyanları dəyərləndirməkdir.
S.Bağırov qeyd edib ki, Ermənistan Mədən Sənayesində Şəffaflıq Təşkilatının üzvüdür və iki ildən bir mədən sənayesinin fəaliyyətinə dair hesabatlar dərc olunur: “Ermənistanda 940-dan çox müxtəlif mədən fəaliyyət göstərir. Onlardan 46-sı ağır metal sənayesi ilə məşğuldur. Həmin 46 mədəndə 26 şirkət fəaliyyət göstərir. 26 şirkətdən 12-si Sünik bölgəsində işləyir. Qızıl, gümüş, mis, qurğuşun metallar orada istehsal olunur. Bu metalların hazırlanması zamanı zəhərli kimyəvi maddələrdən istifadə edilir, nəticədə bu metalların tullantıları xüsusi anbarlara axıdılır. Tullantılar yeraltı sulara, çaylara axıdılır ki, bu da çaylar üçün risklər yaradır. Həmin anbarlar mütəmadi şəkildə monitorinq edilməlidir. Tullantıların axıdılması nəticəsində iki əsas çay olan Bərgüşad və Oxçuçaya da böyük risklər yaranır. Oxçuçaya tullantıların axıdılması ilə bağlı faktları müşahidə etmişik”.
Sonda çıxış edən EPF Koalisiyasının eksperti Leyla Əliyeva fəaliyyətinin Ermənistan qanunvericiliyinin beynəlxalq tələblərə nə dərəcədə cavab verdiyini araşdırmaqdan ibarət olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə də Ermənistanın ekologiya sahəsində 16 qanunvericilik aktı nəzərdən keçirilib: “Həmçinin müvafiq olaraq 14 beynəlxalq konvensiyaya nəzər salınıb. Bu qanunlar ətraf mühitin hər bir sahəsini əhatə edən qanunlardır. Son illər ərzində Ermənistan mövcud qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çalışır. Ancaq bununla belə qanunların icrası sahəsində çox böyük boşluqlar var. Bu boşluqlar da ekoloji cəhətdən böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də Ermənistanda mövcud qanunların effektiv icra və nəzarət mexanizmi gücləndirilməlidir. Lazım olarsa, qonşu ölkələrin ekspertləri də bu prosesdə iştirak etməlidirlər. Ermənistan, həmçinin Transsərhəd Su Axınları Konvensiyasına qoşulmalıdır. Qonşu dövlətin bu konvensiyaya qoşulmaması da Azərbaycan üçün mənfi təsirlərə gətirib çıxarır”.
Ekspert qeyd edib ki, Ermənistan Azərbaycanla ekoloji sahədə tam şəffaf və konstruktiv şəkildə əlaqə qurmalıdır. “Ermənistan Qarabağda meşə təsərrüfatına ziyan vurduğu kimi, öz ərazilərində də meşə təsərrüfatının qorunmasına diqqət etməli, uzunmüddətli planlar həyata keçirməlidir. Bundan əlavə, tullantıların idarə edilməsi sahəsində də Ermənistanda çox böyük boşluqlar mövcuddur", - deyə o əlavə edib.