CƏMİYYƏT
EPPO-nun baş direktoru: Azərbaycan son vaxtlar bitki mühafizəsi sahəsində nəzarət tədbirlərini xeyli gücləndirib VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
“Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyasının Azərbaycanda keçirilməsi təqdirəlayiqdir və biz bunu çox yüksək qiymətləndiririk. Bu, onu göstərir ki, dostluq əlaqələri ölkələr arasında çox geniş yayılıb. Biz Azərbaycandakı qonaqpərvərliyi yüksək qiymətləndiririk və bu, üzv ölkələrimizin hər birinə təsir edir. Gördüyünüz kimi, burada toplaşmışıq və regional seçkilər keçiririk. Bu, şuranın illik iclasıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri EPPO-nun baş direktoru Niko Horn jurnalistlərə açıqlamasında deyib.
N.Horn bildirib ki, Assosiasiyanın strategiyası və gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılacaq: “Burada bir çox ölkələr təmsil olunur və bu Assambleyanın mühüm hissələrindən biri də yeni baş direktorun seçilməsi olacaq. Mövsüm başa çatdığı üçün burada yeni rəhbər seçiləcək. Düşünürəm ki, bu qədər üzv ölkənin buraya toplaşması və qərarların qəbulunda fəal iştirak etməsi çox sevindirici haldır. EPPO-nun gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparacağıq. Hazırda 2026-cı və 2030-cu illər üçün yeni strategiya üzərində işləyirik. Üzv dövlətlərlə bu məsələləri dərindən müzakirə edəcək, qarşımızda duran prioritetləri və vəzifələri müəyyən edəcəyik”.
“Azərbaycanda bitki mühafizəsi ilə bağlı vəziyyət barədə nə deyə bilərik? Azərbaycanda vəziyyət çox yüksək səviyyədədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sahədə çox uğurlu tədbirlər həyata keçirir. Azərbaycan son vaxtlar bitki mühafizəsi sahəsində nəzarət tədbirlərini xeyli gücləndirib və bu sahədə mühüm addımlar atır”, - deyə Niko Horn əlavə edib.