Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Çində beynəlxalq tədbirdə iştirak edib
Bakı, 29 aprel, AZƏRTAC
Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ənənəvi doqquzuncu beynəlxalq film festivalı keçirilib. Festival çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Film və müəlliflik hüququ: imkanlar və çətinliklər” mövzusunda beynəlxalq forum da təşkil olunub.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, forumda agentliyin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli də iştirak edib. Tədbirə ÜƏMT-nin baş direktorunun müavini xanım Vanq Binyinq, Çinin Milli Müəllif Hüquqları Administrasiyasının müəlliflik hüququ şöbəsinin baş direktoru cənab Yu Cike, Pekin Müəllif Hüquqları Bürosunun baş direktoru cənab Vanq Yefei, o cümlədən Çinin müxtəlif təşkilatlarının və on beş ölkənin nümayəndələri qatılıb.
Beynəlxalq forumda “Film və müəlliflik hüququ: hüquqi prinsiplərdən istehlakçılara qədər”, “Film və mədəniyyət: filmlər mədəni müxtəlifliyin səfirləri kimi - siyasi yanaşmalar və strategiyalar”, “Audiovizual ifalara dair Pekin müqaviləsinin rolu və faydaları”, “Film və kreativ sənaye: film və televiziya sənayesinin çətinlikləri və imkanları”, “Kreativ sənayelərin inkişafının təşviq edilməsi: ən yaxşı təcrübələr və biznes modellərinin yaradılması” və s. mövzular ətrafında müxtəlif çıxışlar və təqdimatlar olub. Həmçinin Pekin beynəlxalq film festivalı və beynəlxalq müəlliflik hüququ ticarət sərgisinə, o cümlədən “IQIYI Technology” və “Tencent Technology” şirkətlərinə səfərlər təşkil edilib.
Tədbirin əsas məqsədlərindən biri “Audiovizual ifalara dair Pekin müqaviləsi”nin hüquqi prinsipləri haqqında ÜƏMT-nin üzv dövlətlərinin nümayəndələrinə daha çox məlumat vermək, rəqəmli şəbəkələrdə audiovizual ifaların qorunması üzrə yeni beynəlxalq normaların tətbiqinin bu sahədə çalışan şəxslərin hüquqlarının qorunması və iqtisadi fayda əldə etmələrinin təbliğ edilməsi olub.
Müzakirələr zamanı agentliyin nümayəndəsi tərəfindən ölkəmizdə son vaxtlar əqli mülkiyyət sahəsində həyata keçirilən tədbirlər, o cümlədən institusional islahatlar və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə məlumat verilib.
Qeyd edək ki, “Audiovizual ifalara dair Pekin müqaviləsi” 2012-ci il iyunun 24-də Pekin şəhərində ÜƏMT tərəfindən keçirilən diplomatik konfransda qəbul edilib. Müqavilənin qüvvəyə minməsi üçün 30 dövlət tərəfindən ratifikasiya etməsi və ya qoşulması tələb olunur. Hazırda belə dövlətlərin sayı 26-dır. Pekin müqaviləsinin qüvvəyə minməsi ilə audiovizual ifaların qorunması sahəsində yeni beynəlxalq normaların tətbiqinə başlanılacaq.