CƏMİYYƏT
Erkin Rəhimov: Çox istərdik ki, Azərbaycanda SMA-nın müəyyənləşdirilməsi də topuq testinə daxil edilsin

Bakı, 26 sentyabr, AZƏRTAC
Əvvəllər spinal muskular atrofiya (SMA) xəstəliyinin diaqnozu çox çətin idi. Artıq genetik testlərin əlçatanlığı artıb. Həm ana bətnində, həm uşaq yeni doğulan kimi SMA şübhəsi varsa, test aparıla bilər. Hətta bəzi ölkələrdə skrininq deyilən topuq testi aparılır, uşaqların topuqlarından qan alaraq həmin xəstəliyin olub-olmadığını müəyyənləşdirirlər. Ölkədə topuq testi aparılsa da, SMA ona daxil deyil. Çox istəyərdik ki, SMA-nın müəyyənləşdirilməsi də topuq testinə daxil edilsin.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.
"SMA vaxtında aşkar olunan zaman müalicəsi çox effektiv olur. Yəni uşaq doğulandan üç gün ərzində bu xəstəliyin diaqnozu qoyula bilər. Aylar keçdikcə SMA xəstəliyi ağırlaşır və müalicənin effektivliyi azalır. SMA hətta ana bətnində də müəyyən edilə bilər. Türkiyədə evlənməmişdən öncə cütlüklərin skrininqi aparılır və daşıyıcılar müəyyən edilir. Nəticədə cütlüklərə vəziyyət izah edilir və sağlam uşaq dünyaya gəlməsi təmin edilir. Xəstəliyin müalicəsində effektiv dərmanlar olsa da onlar çox maliyyə tələb edir və valideynlərə belə uşaqlara baxmaq çox çətindir",- deyə E.Rəhimov bildirib.