SİYASƏT
Ermənilər hər iki yatağın önündə eyni rejissura ilə təxribat törədiblər
Bakı, 15 dekabr, AZƏRTAC
Müəyyən müddət ərzində Azərbaycanın müxtəlif dövlət orqanlarının, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və bir sıra digər dövlət qurumlarımızın nümayəndələri Rusiya sülhməramlı qüvvələrinin komandanı, o cümlədən yerli ermənilərin nümayəndələri ilə bir neçə dəfə görüşüblər. Monitorinq işlərinə başlanılması barədə razılıq əldə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
“Yaxşı məlumdur ki, dekabrın 10-da razılaşdırılmış qaydada belə bir monitorinqin həyata keçirilməsi təxribatlarla qarşılanmışdı. Belə ki, erməni fəallarından ibarət kiçik qrup öncədən planlaşdırılmış provokasiyalarla monitorinqin qarşısını almışdılar. Hər iki yatağın önündə eyni rejissura üzərində tədbirlər həyata keçirmişlər. Azərbaycanın dövlət qurumları tərəfindən bu xoşniyyətli addımlar nəticə vermədikdən sonra Azərbaycanda bu sahədə fəaliyyət göstərən bir sıra təşkilatlar, qeyri-hökumət təşkilatları, onların fəalları da buna etiraz olaraq öz tələblərini əsaslı şəkildə irəli qoydular”, - deyə nazir vurğulayıb.