SİYASƏT
ERMƏNİLƏR İŞĞAL ETDİKLƏRİ AZƏRBAYCAN TORPAQLARINDAN ÇIXMAYINCA ERMƏNİSTANLA SƏRHƏDLƏRİN AÇILMASINDAN SÖHBƏT GEDƏ BİLMƏZ
Bakı, 3 aprel (AZƏRTAC). İğdır Ticarət və Sənaye Palatasının sədri Kamil Aslan Türkiyə-Ermənistan sərhədinin açılmasını istəmədiklərini bəyan etmiş və bunu istəyən qüvvələri düzgün düşünməyə dəvət etmişdir.
İğdırda fəaliyyət göstərən jurnalist Sərdar Ünsal AZƏRTAC-a bildirimişdir ki, son zamanlar, ABŞ Prezidenti Barak Obamanın Türkiyəyə səfər edəcəyi və aprelin 16-da Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı mətbuatda yayılan xəbərlər İğdırda ciddi narahatçılıq yaratmışdır. Mövzu ilə bağlı Anadolu agentliyinə müsahibə verən Ticarət və Sənaye Palatasının direktoru Kamil Aslan bildirmişdir ki, hüquqi dövlət olan Türkiyənin müəyyən siyasəti vardır. İllərdir türk düşməni olan Ermənistan öz çirkin iddialarından əl çəkməyincə, sərhədlərin açılacağına inanmırıq. Qardaş ölkə olan Azərbaycan torpaqları işğal altında olarkən sərhədlərin açılmasını istəmirik.
O demişdir ki, Ermənistanla sərhədlərin açılması bəzi qüvvələrin mənafeyinə uyğun olsa da, ümumilikdə Türkiyənin maraqlarına ziddir.
Erməni “Asala” terror təkilatının keçmişdə türk diplomatlarını qətlə yetirməsi, Ermənistanın Türkiyə torpaqlarını öz ərazisi kimi göstərməsi, Osmanlı dövlətinin ermənilərə qarşı guya “soyqırım” törətdiyi iddiası və bəzi ölkələrin parlamentlərində bu iddialarını qəbul etdirməsi, Türkiyədən əvvəlcə təzminat, sonra da torpaq istəməsi, eləcə də Azərbaycan torpaqlarını işğal altında saxlaması, erməni təcavüzü nəticəsində milyonlarla azərbaycanlının yurd-yuvalarından didərgin düşməsi faktları hamıya yaxşı bəllidir. Ona görə də hesab edirik ki, Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmayınca, Türkiyəyə qarşı iddialarından əl çəkməyincə sərhədlərin açılmasından söhbət gedə bilməz.