Ermənilərin Təpəbaşı məscidində içki istehlak etməsinə beynəlxalq təşkilatlar münasibət bildirməlidir – RƏY

Bakı, 12 fevral, AZƏRTAC
İrəvan şəhərinin Təpəbaşı məhəlləsində yerləşən Təpəbaşı məscidi Qərbi azərbaycanlıların oradakı izlərini daşıyan mühüm abidələrdən biridir. Təəssüf ki, ermənilər bu abidəni dağıdıb, xarabalığa çeviriblər. Məscidin salamat qalan bir hissəsində də xoşagəlməz, təhqiramiz hərəkətlərə yol verilir. Bu isə cinayətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev bildirib.
Onun sözlərinə görə, ermənilərin Təpəbaşı məscidində içki istehlak etməsinə beynəlxalq təşkilatlar münasibət bildirməlidir. Həmçinin Ermənistan hökumətinin çirkin əməllərinə qarşı mübarizə aparılması, bunlara son qoyulmasının tələb edilməsi təkcə Azərbaycanın deyil, həm də dünya ictimaiyyətinin, o cümlədən islam aləminin mühüm işlərindən biri olmalıdır. “Bu, təkcə Azərbaycanın maddi-mənəvi irsinə deyil, eyni zamanda, islam mənəviyyatına böyük təhqirdir. Buna beynəlxalq təşkilatlar, xüsusilə UNESCO göz yummamalıdır. Bu qurumlar Ermənistanı bu çirkin əməllərindən döndərmək üçün təşəbbüs göstərməlidir. Çünki bu hərəkət göstərir ki, ermənilər hələ də azərbaycanlılara qarşı kin, nifrət bəsləyirlər. Onların bu məkrli hərəkəti isə Azərbaycan cəmiyyətində hiddət doğurmaqdadır. Ermənistan dövləti bu abidələrin qorunmasını təşkil etməlidir. Bu, beynəlxalq hüququn və qanunların tələbidir. Ermənistanın buna əməl etməsi isə ən doğru addım olardı. Çünki azərbaycanlılar qədim dövrdən orada yaşayıblar”.
Ə.Vəliyev vurğulayıb ki, ermənilər Qərbi Azərbaycanda 300-dən çox məscidi və 600-dən artıq qəbiristanlığı məhv edib, yer üzündən silməyə çalışıblar. Məqsədləri isə tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycandan azərbaycanlıların izini silmək, oranı tarixi erməni torpağı kimi göstərməkdir. “Qərbi Azərbaycanda ermənilər məscid və qəbiristanlıqlarla yanaşı, azərbaycanlıların dini inanc yerləri olan pir və ocaqları da məhv edib dağıdıblar. Onlara qarşı təhqiramiz hərəkətlər ediblər. Eyni zamanda, sərdabələr, türbələr dağıdılıb, yerlə-yeksan olunub. Bu hallar islam mədəniyyətinə qarşı hörmətsizlik, təhqiramiz hərəkət kimi qiymətləndirilməlidir”, - deyə o bildirib.
“Qəbirüstü abidələr və kitabələr tarixi dəyərə malikdir. Bunların dağıdılması isə cinayət əməlidir. Düşünürəm ki, Ermənistan Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə, azərbaycanlıların tarixi irsinə, maddi-mədəni abidələrinə hörmət göstərməlidir, onları qoruyub saxlamalıdır. Ermənilər bilməlidirlər ki, Qərbi Azərbaycan azərbaycanlıların tarixi torpağıdır. Azərbaycanlılar tarix boyu həmin ərazilərdə yaşayıblar və yenə də oraya qayıdıb yaşamağa davam edəcəklər”, - deyə o bildirib.