SİYASƏT
Ermənistanın kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində, ümumilikdə, 50 dəfə atəşkəs rejimini pozmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdir. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınmış və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalmışlar.
Eyni zamanda, erməni silahlı bölmələri yanvarın 21-də və 22-də gecə Ermənistanın Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.
Azərbaycanın Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə tutulmuşdur.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.