ƏRZAQ BÖHRANININ HƏLLİ ÖLKƏLƏRİN QARŞILIQLI ƏMƏKDAŞLIĞINDAN VƏ BİRGƏ FƏALİYYƏTİNDƏN ASILIDIR
Hazırda dünyada ərzaq böhranı müşahidə olunur. Bu böhran özünü ərzaq məıhsullarının qıtlığı və həmin məhsulların qiymətlərinin artmasında göstərir. Yaranmış problem, demək olar, dünyanın bütün guşələrini bürüməkdədir. Bir sıra dövlətlər artıq qabaqlayıcı addımlar atmağa başlamışlar. BMT-nin Baş katibi isə keçən ay qlobal ərzaq böhranının həll olunması üzrə yüksək səviyyəli xüsusi komissiyanın yaradılmasını elan etmişdir.
AZƏRTAC-ın müxbirinin xahişi ilə ölkəmizin Malaziya Krallığındakı səfirliyinin attaşesi Samir Əbdürəhimov problemi şərh edir:
-Ərzağın qiymətinin artması nəticəsində başlanmış aclıq, zəif qidalanma və ictimai narazılıqlar BMT rəhbərliyində ciddi narahatçılıq doğurur. BMT-nin Baş katibi ilkin prioritetlərdən biri kimi qurumun Dünya Ərzaq Proqramında (DƏP) yaranmış 755 milyon ABŞ dollarlıq boşluğun doldurulmasını hesab edir. DƏP-in rəyinə görə, hazırda dünyada 100 milyon adam qida çatışmamazlığından əziyyət çəkir. Ərzaq böhranı iqtisadi inkişafın mənfi təzahürü, həmçinin qlobal inkişaf üçün təhlükədir və kəskin çoxtərəfli tədbirlərin görülməsini tələb edir.
İnkişaf etməkdə olan ölkələrdə həmin problemin öhdəsindən gəlmək üçün bir sıra tədbirlər görülür. Suriyada dövlət qulluqçularının əmək haqları 25 faiz, Misirdə isə 30 faiz artırılmışdır. Banqladeşdə Paltar İstehsalçıları Assosiasiyası minlərlə aşağı məvacibli fəhlələrə düyünün paylanacağını elan etmişdir. Vyetnam və Hindistan kimi əsas düyü istehsalçıları yerli təminatı qorumaq üçün düyü ixracatını məhdudlaşdırırlar.
Dünyada ərzaq qıtlığının və artan qiymətlərin əsas səbəbləri əhali sayının və inkişafda olan ölkələrdə gəlirlərin artması, taxılın mal-qaranın yemləndirilməsində geniş istifadəsi göstərilir. Zəif biçin, qlobal istiləşmə, artan tələbat və taxılın bioyanacaq istehsalında istifadə olunması da böhrana gətirib çıxaran amillərdəndir.
Ərzaq böhranı Asiya qitəsində də kəskin duyulmaqdadır. Qeyd edək ki, dünyada yoxsulların üçdə iki hissəsi Asiyada yaşayır. Bu qitənin təxminən 1,7 milyard sakininin gündəlik qazancı 1-2 ABŞ dollarına bərabərdir və ya daha aşağıdır. Böhranın təsiri Cənub-Şərqi Asiya regionunda əsas qida məhsulu sayılan düyüdən yan keçməmişdir. Beləliklə, son bir il ərzində dünya üzrə buğdanın qiyməti 130, düyünün qiyməti 74 faiz artmışdır. Qeyd edək ki, hazırda beynəlxalq bazarda Tailand növlü düyünün 1 tonuna görə başlanğıc qiymət təxminən 1 min ABŞ dolları məbləğindədir. Bu qiymət keçən ildəkindən üç dəfə artıqdır.
Asiya İnkişaf Bankının (AİB) Madriddə keçirilən illik iclasında bu problem günün əsas mövzusu olmuşdur. Bankın prezidentinin sözlərinə görə, ucuz ərzaq dövrü sona çatmaqdadır və Asiyanın kənd ərazilərində inkişaf layihələrinin maliyyələşdirilməsi artıq dərəcədə vacibdir. Ərzağın artan qiyməti yancağın inflyasiyasına təkan verir. Qeyd edək ki, AİB-nın proqnozlarına görə, bu il Asiya üzrə yanacağın qiymətinin 5 faizdən çox artacağı və Asiya maliyyə böhranından sonra ən yüksək dərəcəyə çatacağı gözlənilir.
Dünyanın ən iri düyü istehsalçısı olan Tailand, Düyü İxracatçıları Kartelinin yaradılması təklifi ilə çıxış edir. Təklif ondan ibarətdir ki, həmin kartel OPEK modelində olsun və Laos, Birma, Kamboca və Vyetnam kimi ölkələri əhatə edərək beynəlxalq aləmdə düyünün qiymətlərinə nəzarət etsin. Tailand hökumətinin təmsilçisi bildirmişdir ki, bu ölkələr dünyanın əsas ərzaq mənbəyi olsa da, qiymətlərə təsirləri cüzidir. Artan qiymətlər fonunda neft bahalı qiymətlərlə ixrac olunur, lakin düyü çox ucuz qiymətlə satılır. Tailand tərəfinin fikrincə, bu, onlara qarşı ədalətsizlikdir və həmin ölkələrin ticarət balansına zərər vurur.
Sözsüz ki, ərzağın qiymətlərinə nəzarət edəcək kartelin yaradılması və ona sırf Şərqi Asiya ölkələrinin daxil olması Qərbi qıcıqlandıracaqdır. Onsuz da Asiya bölgəsindəki bir sıra ölkələrin iqtisadi inkişafı Qərb iqtisadi gücünə mühüm rəqabət təşkil etməyə başlayır. Hər halda, qlobal ərzaq böhranı günün mövzusu olaraq qalmaqdadır. Onun həlli isə tərəflərin qarşılıqlı iştirakını və köməyini tələb edir.
Qeyd etmək lazımdır ki, Asiyanın ən yoxsul ölkələrinə yardım məqsədilə donorlar tərəfindən 11 milyard ABŞ dollarından çox kredit ayrılmışdır. Digər maliyyə institutları ilə yanaşı, Afrika İnkişaf Bankı da ərzaq böhranını aradan qaldırmaq üçün əlavə 1 milyard ABŞ məbləğində kredit ayırmışdır.