İQTİSADİYYAT
Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı üzrə İƏT-in 9-cu Nazirlər Konfransına hazırlıq iclası keçirilir

Bakı, 2 oktyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Nazirlər Konfransına hazırlıq iclası işə başlayıb. Oktyabrın 1-2-də Qətər Dövləti tərəfindən “İƏT-ə üzv dövlətlərdə 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda” mövzusunda keçirilən iclasda təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edirlər.
AZƏRTAC təşkilatın Baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, İƏT Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Sengendo yüksəkvəzifəli şəxslərin görüşünə hazırlıq prosesindən danışaraq qeyd edib ki, görüş kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahələrində qabaqcıl təcrübələri bölüşmək və yeni layihələrin səmərəli həyata keçirilməsinin optimal yollarını müzakirə etmək imkanı verir. Onun sözlərinə görə, əsas məqsəd üzv dövlətlərdə İƏT-in proqramları və təşəbbüsləri əsasında kənd təsərrüfatı və kənd yerlərinin inkişafı siyasətinin uyğunluğunu təmin etməkdir.
Baş katibin köməkçisi əlavə edib ki, kənd təsərrüfatı sektoru İƏT ölkələrində dünya üzrə ümumi əkin sahələrinin təxminən 28,7 faizini təşkil edir, üzv dövlətlərin ümumi əhalisinin 48,3 faizi isə kənd yerlərində yaşayır və dolanışığı kənd təsərrüfatından asılıdır.
Ə. Sengendo kənd təsərrüfatı sektorunun yenilənməsi üzrə fəaliyyəti inkişaf təşəbbüsləri və strategiyalarının ön sırasına qoymağa çağırıb. O, kənd təsərrüfatı məhsuldarlığında və təbii resursların idarə edilməsində həyəcanverici azalma tendensiyasını aradan qaldırmaq, aqrar sektorun davamlı inkişafına dövlət və özəl investisiyaların artırmaq və qida transformasiyası üçün yeni texnologiyalar və sistemlərdən istifadə etmək üçün üzv dövlətlər arasında səmərəli əməkdaşlığın vacibliyini vurğulayıb. Baş katibin köməkçisi vurğulayıb ki, üzv dövlətlərdə kənd təsərrüfatı sektorunun və qida sistemlərinin daha davamlı, səmərəli və inklüziv olması aclıq təhlükəsini aradan qaldıra bilər.
İclasın yekunlarına dair qəbul ediləcək qərarlar üzv dövlətlərin aqrar sektora rəhbərlik edən nazirlərinin müzakirəsinə təqdim ediləcək.