Əsmər Abdullayeva: Əsas məqsədimiz istehsal etdiyimiz məhsullarla Azərbaycan mədəniyyətini layiqincə təbliğ etməkdir

Tbilisi, 16 oktyabr, AZƏRTAC
Əsas məqsədimiz keyfiyyətli, rəqabətə davamlı məhsul istehsal edərək dünya bazarına çıxmaq və eyni zamanda, Azərbaycan mədəniyyətini layiqincə təbliğ etməkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidə keçirilən “Tbilisi etno fes” sərgisindən ölkəmizi təmsil edən “Pirşah” istehsalat müəssisəsinin layihə rəhbəri və baş koordinatoru, sənətkarlıq üzrə beynəlxalq dərəcəli ekspert Əsmər Abdullayeva söyləyib.
Ə.Abdullayeva deyib ki, Azərbaycan Prezidentinin Bakı və Abşeron rayonunun ətraf kəndlərində məşğulluğun artırılması, əhalinin işlə təminatı ilə bağlı müvafiq sərəncamından sonra Pirşağı qəsəbəsində “Pirşah” kiçik müəssisəsi yaradılıb. Şirkəti yaratmaqda əsas məqsəd Pirşağı qəsəbəsində qadınları məşğulluq proqramına cəlb edib işlə təmin etmək, eyni zamanda, yerli istehsalı artırmaqdır.
“Biz əvvəllər də Tbilisidə müxtəlif sərgilərdə iştirak etmişik. Lakin Azərbaycan Tbilisidə keçirilən 4-cü “Tbilisi etno fes” sərgisində də “Pirşah” brendi ilə ilk dəfə təmsil olunur”, - deyə baş koordinator bildirib.
Onun sözlərinə görə, hazırda şirkətdə 23 yerli qadın işlə təmin olunub. Onlar müəyyən təkmilləşdirmə kursları keçib, toxuculuq, rəngkarlıq və rəssamlıq sənətinin incəliklərini öyrəniblər. İndi şirkət təmiz yundan üst geyimlər, başmaqlar, eləcə də qədim üsulla keçə çuxalar hazırlayır. Şirkət, həmçinin ipəkçiliyi inkişaf etdirir, yüksək keyfiyyətli kəlağayı istehsal edir.
İstehsal olunan malların boyanması üçün lazım olan məhsullar da şirkətdə təbii üsulla alınır.
“Hazırda müəssisədə beynəlxalq standartlara cavab verən, rəqabətə davamlı məhsullar istehsal olunur. “Tbilisi etno fes”də sərgilənən malların böyük əksəriyyətinin tez bir zamanda satılması da bunu əyani sübut edir”, - deyə Ə.Abdullayeva vurğulayıb.
Qeyd edək ki, “Pirşah” şirkəti sərgidə Azərbaycanın sənət ustalarının toxuculuq, rəngkarlıq işlərindən ibarət müxtəlif çeşidli məhsullar təqdim edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi