ELM VƏ TƏHSİL
Eşqi Bağırov: Ötən tədris ilində 14 yeni bağça tikilib istifadəyə verilib, 5 bağça əsaslı təmir olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Ötən tədris ilində 14 yeni bağça tikilib istifadəyə verilib, 5 bağça əsaslı təmir olunub.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
Agentliyin direktoru bildirib ki, məktəbəqədər təhsilə cəlb ediləcək uşaqların sayının 50 faizə çatdırılması hədəflənir: “Bağçaların Elm və Təhsil Nazirliyi sisteminə keçdiyi iki il müddətində müxtəlif istiqamətlər üzrə yeniliklər tətbiq olunur. Deyə bilərik ki, məktəbəqədər təhsil sahəsində xeyli işlər görülüb. Əlçatanlığın, şəffaflığın təmin edilməsi məqsədilə bir sıra proseslərimizi elektronlaşdırmışıq. Buraya bağçalara uşaq qəbulunu, bağça müdirlərinin işə qəbulunu, bağçalarda çalışan tərbiyəçi-müəllimlərin işə qəbulu proseslərini aid edə bilərəm. Elektron sistemlər hər kəs üçün bərabər imkanlar yaratmaqla yanaşı, eyni zamanda, bu proseslərdə insan faktorunu minimuma endirərək məlumatların düzgünlük və dəqiqliyini artırıb”.