“ƏSRİN MÜQAVİLƏSİ”-13
AZƏRBAYCANIN NEFT SƏNAYESİ DİNAMİK İNKİŞAFDADIR
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN ƏSASI QOYULMUŞ DÖVLƏT NEFT STRATEGİYASININ UĞURLA HƏYATA KEÇİRİLMƏSİ BUNA ETİBARLI ZƏMİN YARATMIŞDIR
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
20 sentyabr tarixinin bu və digər əhəmiyyətli məqamlarını nəzərə alan ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 16-da bu günün Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd edilməsi ilə bağlı Fərman imzalamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, neftçilər bu əlamətdar günü, eləcə də “Əsrin müqaviləsi”nin imzalanmasının 13-cü ildönümünü yüksək göstəricilərlə qarşılayırlar. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddət ərzində Azərbaycanın neft sənayesi görünməmiş tərəqqi dövrü keçmişdir. 1994-cü ildən indiyədək 33 xarici şirkətlə imzalanmış 28 neft-qaz müqaviləsi ölkə iqtisadiyyatının digər sahələrinin, habelə sosial infrastruktur obyektlərinin inkişafına əsaslı təkan vermişdir. Ötən müddət ərzində bir çox irimiqyaslı layihələr həyata keçirilmiş, neft-qaz hasilatında yüksək göstəricilərə nail olunmuşdur. 2006-cı ildə Azərbaycanda 32 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi tarixində rekord nəticə hesab olunur.
Ötən il ölkəmizdə həyata keçirilən qlobal enerji layihələrinin reallaşdırılması istiqamətində də mühüm mərhələ olmuşdur. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin dünya iqtisadiyyatının vacib bir hissəsinə, tranzit ölkələrdə iqtisadi inkişafın, Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz amilinə çevrildiyi, onun coğrafi-siyasi əhəmiyyəti bütün dünyada etiraf olunur. Vaxtilə BTC-nin uğur qazanacağına inanmayan, onu xəyal və əfsanə hesab edən qüvvələr belə etiraf edirlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin davamlı iqtisadi yüksəlişə güclü təkan vermiş yeni neft strategiyası möhkəm elmi əsaslar üzərində qurulmuşdur və yalnız Azərbaycanı deyil, region dövlətlərini də uğurlu inkişaf magistralına çıxarmışdır. İndi artıq Bakı-Tbilisi-Ceyhan kəməri genişləndirilməkdədir. Kəmərin Mərkəzi Asiya neftinin də dünya bazarlarına çıxarılmaq imkanı vardır.
Bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində ARDNŞ ilə Qazaxıstanın dövlət şirkəti olan “KazMunayQaz” arasında Transxəzər enerji sisteminin yaradılmasına dair iki sənəd - neft-qaz sahəsində strateji əməkdaşlığa dair Saziş və Transxəzər layihəsinin gerçəkləşdirilməsi haqqında Birgə Memorandum imzalanmışdır.
Bununla da Azərbaycan təkcə neft ixracatçısı deyil, həm də tranzit ölkə kimi dünyadakı mövqelərini möhkəmləndirəcəkdir. İndi Azərbaycanı çox önəmli neft ixracatçısı olan ölkələrlə müqayisə edirlər. Sentyabrın 1-nə olan məlumata görə, ilin əvvəlindən BTC kəmərinə 18 milyon 864 min ton neft vurulmuş, Ceyhan limanından dünya bazarlarına 18 milyon 922 min ton neft göndərilmişdir. Ümumiyyətlə, istismara verilən gündən bəri BTC vasitəsilə 28 milyon 133 min ton neft nəql olunmuşdur ki, bunun da 26,6 milyon tonu dünya bazarlarına yola salınmışdır.
Ötən il, həmçinin əhəmiyyətinə görə BTC-dən heç də geri qalmayan Cənubi Qafqaz qaz kəmərinin tikintisi başa çatdırılmış, ən azı 1,2 trilyon kubmetrdən artıq qaz, 300 milyon tondan çox kondensat ehtiyatına malik “Şahdəniz” yatağından qaz hasilatına başlanılmışdır. Hazırda yataqda istismar olunan 3 quyudan sutkada 15 milyon kubmetr qaz, 4 min tondan artıq kondensat hasil edilir, 4-cü quyuda isə tamamlama işləri aparılır. Bu quyunun da tezliklə istismara verilməsi gözlənilir.
Cari ilin əvvəlindən indiyədək yataqdan 1 milyard 500 milyon kubmetr qaz hasil edilmişdir. Hazırda “Şahdəniz”dən ölkənin enerji dəhlizinə sutkada 5,5 milyon kubmetr qaz ötürülür. Bu ilin sentyabrınadək yataqdan Azərbaycana 870 milyon kubmetrdən artıq qaz verilmişdir. İyulun 3-də “Şahdəniz” qazı Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Sentyabrın 1-nə olan məlumata əsasən, BTƏ kəməri ilə Gürcüstana 136,9 milyon kubmetr, Türkiyəyə isə 258 milyon kubmetr təbii qaz ixrac edilmişdir. Bu kəmər həm Azərbaycanın, həm də yaxın qonşu və tərəfdaşlarımız olan Türkiyə və Gürcüstanın təbii qaza olan tələbatını tam ödəmək iqtidarındadır. Kəmərin strateji əhəmiyyəti çox böyükdür. Cənubi Qafqaz qaz kəmərinin istismara verilməsi ilə Azərbaycan neftlə bərabər həm də qaz ixrac edən ölkəyə çevrilmişdir. “Şahdəniz” yatağındakı ehtiyatların əhəmiyyətli hissəsi hasil olunaraq Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxarılacaqdır. Artıq Avropanın bir çox dövlətləri - Yunanıstan, İtaliya, Ukrayna, Baltikyanı ölkələr bu layihəyə maraq göstərirlər. BTC-nin ardınca Cənubi Qafqaz boru kəmərinin istifadəyə verilməsi Azərbaycanı regionda həyata keçirilən tranzit daşımalarında qabaqcıl mövqeyə çıxarmaqdadır. Ölkəmiz Avratlantika məkanının enerji təhlükəsizliyində mühüm rol oynayır, müstəqil dövlətimizin siyasi nüfuzu daha da möhkəmlənir.
Ötən ay ARDNŞ ilə ABŞ-ın Ticarət və İnkişaf Departamenti arasında Transxəzər neft və qaz kəmərlərinin texniki-iqtisadi əsaslandırılmasına hazırlıq üzrə imzalanmış qrant müqaviləsinin ABŞ dövlət katibinin müşaviri və Azərbaycanın xarici işlər nazirinin imzaları ilə təsdiqlənməsi həyata keçirməkdə olduğumuz müqavilələrin qlobal enerji təhlükəsizliyi baxımından necə böyük əhəmiyyət daşımasına tutarlı sübutdur.
Azərbaycanın neft-qaz sənayesində qazanılmış bütün bu uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rolu əvəzsizdir. Ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən neftçilərimiz neft və qaz hasilatı sahəsində ilbəil uğurlu göstəricilərə imza atırlar. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 13 il ərzində xarici şirkətlərlə aparılan birgə işlər neftçilərimiz üçün yeni texnologiyalara və istehsalat mədəniyyətinə yiyələnmək təcrübəsi baxımından faydalı olmuşdur. Geoloji və geofiziki işlər, qaz və neft yataqlarının ehtiyatlarının dəqiqləşdirilməsində yeni üsullar, mükəmməl maili qazmanın köməyi ilə lay boyu horizontal qazmanın aparılması, neftvermə əmsalının artırılması kimi yeniliklərin həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlər 2007-ci ildə ölkə üzrə 43 milyon tondan çox neft hasilatı planının yerinə yetirilməsinə zəmin yaradacaqdır. Hasil olunacaq neftin 8 milyon 800 min tonu ARDNŞ-in payına düşəcəkdir.
«Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı»nda ARDNŞ qarşısında işlənməkdə olan yataqların istismarının intensivləşdirilməsi, müasir mədən-geofiziki və neft-mədən avadanlıqlarının istehsalata tətbiqinin sürətləndirilməsi məsələləri başlıca vəzifələr kimi qoyulmuşdur. Dövlət proqramına uyğun olaraq, neft və qazçıxarma idarələrinə yataqlarda neft və qaz hasilatının artırılması üçün bütün imkanlardan istifadə etmək haqqında müvafiq tapşırıqlar verilmişdir. Hasilatın daha da artırılması, yataqda yeni-yeni quyuların açılması üçün bütün səylər səfərbər edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə ARDNŞ-in tərkibində müvafiq trest yarandıqdan sonra qazma işləri sürətlənmişdir. Kompleks Qazma İşləri Tresti dəniz və quru sahələri daxil olmaqla ARDNŞ-ə məxsus 24 neft-qaz yatağında qabaqcıl texnika və texnologiyalara əsaslanan kompleks qazma işlərini həyata keçirir. Ötən 8 ay ərzində ümumiyyətlə, Dövlət Neft Şirkəti üzrə (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 142 min 468 metr qazma işləri həyata keçirilmişdir ki, bunun da 138 min 246 metri istismara, 4 min 222 metri isə kəşfiyyata aid olmuşdur. 71 quyuda qazmaya başlanmış, 72 quyuda bu işlər uğurla başa çatdırılmışdır. Bundan əlavə, 66 quyuda tikinti işləri həyata keçirilmişdir. Bunlar əsasən, “Günəşli” və “Bahar” yataqlarındakı yüksək hasilatlı neft, qaz və kondensat quyuları olmuşdur.
İlin əvvəlindən yeni yüksək hasilatlı quyuların istismara daxil edilməsi ilə yanaşı, texniki və geoloji tədbirlər də həyata keçirilmiş və bunların nəticəsində nəzərəçarpacaq dərəcədə əlavə neft alınmışdır. 2007-ci ilin 8 ayı ərzində neft və qazçıxarma idarələrində 3800 geoloji-texniki tədbir həyata keçirilmiş, nəticədə 76 min ton əlavə neft hasil olunmuşdur.
Sentyabrın 1-nə olan məlumata əsasən, “Azneft” İstehsalat Birliyi üzrə istismar quyu fondu 6172 ədəd təşkil etmişdir ki, bunun da 4893 ədədi işlək, 1264 ədədi isə fəaliyyətsiz fonda aid olmuşdur. 15 quyu mənimsəmədə olmuşdur.
Dövlət Neft Şirkəti 2007-ci ilin 8 ayı ərzində neft hasilatına dair proqnozlara 100,4 faiz əməl edərək, 5 884,9 min ton neft hasil etmişdir (proqnoz - 5 858,75 min ton idi). Bunun da 5 095,15 min tonu (proqnoza 100,6 faiz əməl olunub) “Azneft” İstehsalat Birliyinin, 789,75 min tonu isə (99,7 faiz) müştərək müəssisələr və əməliyyat şirkətlərinin payına düşmüşdür. Dövlətə 5 833,68 min ton neft təhvil verilmişdir.
Ötən 8 ay ərzində ölkədə 6 milyard 543,7 milyon kubmetr qaz hasil edilmişdir ki, bunun da 3 milyard 756 milyon kubmetri ARDNŞ-in payına düşmüşdür. Müvafiq dövr ərzində ABƏŞ-dən qəbul olunan qazın həcmi 1 milyard 922,6 milyon kubmetr təşkil etmişdir. Dövlət Neft Şirkəti dövlətə 3,2 milyard kubmetr təbii qaz təhvil vermişdir.
Ölkə iqtisadiyyatının və əhalinin mavi yanacaqla təminatı vəzifəsini öz üzərinə götürmüş ARDNŞ qaz hasilatı sahəsində əldə olunmuş sabitliyi artımla əvəz etmək üçün getdikcə daha böyük əzmkarlıq göstərir. 2007-ci ilin əvvəlindən başlayaraq Rusiyadan qaz idxalının dayandırılması ilə əlaqədar Dövlət Neft Şirkətinin üzərinə düşən məsuliyyət qat-qat artmışdır. Hazırda ölkənin qaz sənayesində ciddi irəliləyişlər müşahidə olunur. Artıq bu sahədə uzun illər davam edən böhranın qarşısı tamamilə alınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qaz hasilatının artırılması ilə bağlı göstəriş və tövsiyələrini əldə rəhbər tutaraq bu sahədə səylər getdikcə artırılır. Ölkənin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması işinə mühüm töhfələr verməyə çalışan neftçilərimiz son illər qaz hasilatı sahəsində ciddi dönüşə nail ola bilmişlər.
Şirkətdə qaz hasilatının artırılması məqsədi ilə xüsusi kompleks tədbirlər proqramı hazırlanmışdır. Dövlətimizin başçısının tapşırığına əsasən, ARDNŞ qaz hasilatını artıraraq 2007-ci ildə əlavə 500 milyondan 1 milyard kubmetrədək qaz əldə etməlidir. Bu istiqamətdə artıq bir sıra işlər həyata keçirilmiş, o cümlədən onlarla yeni qaz kəməri çəkilərək istismara verilmiş, qaz quyularının qazılması sürətlənmişdir. Görülən işlərin nəticəsi olaraq sutkalıq qaz hasilatı artırılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, 2007-ci il iyunun 5-də ARDNŞ-in mədənlərindən dövlətə qaz təhvili sutkada 15 milyon kubmetrlik həddi keçmişdir. Ötən ilin iyununda bu göstəricinin 9,3 milyon kubmetr təşkil etdiyini nəzərə alsaq, görərik ki, 1 il ərzində 6,2 milyon kubmetrlik gündəlik artıma nail olunmuşdur. Hazırda şirkət sutkada 15,5 milyon kubmetr qaz hasil edir. ARDNŞ-in qarşıya qoyduğu hədəflərə çatmaq məqsədi ilə neftçilər səylərini əsirgəməyərək qaz hasilatı və təhvili göstəricilərini yüksəltmək niyyətindədirlər.
Proqramda xüsusi yer tutan “Günəşli”, “Bahar”, “8 Mart” və “Bulla-dəniz” qaz-kondensat yataqlarının potensialı olduqca yüksəkdir. Bununla belə, yeni qazılacaq quyular çox dərin olduğu üçün proqramda bu yataqlarda müasir texnika və texnologiyalardan, qabaqcıl dünya təcrübələrindən istifadə edilməsi, xarici şirkətlərlə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulmuşdur. Həmçinin, ARDNŞ-in mövcud potensialından səmərəli istifadə etməklə elmi-praktiki təcrübələrə əsaslanaraq istismarda olan texniki sistemləri yenidən qurmaq, istehsalat sahələrini modernləşdirmək kimi mühüm tədbirlərin görülməsi öz əksini tapmışdır.
Görüləcək işlər nəticəsində bu ilin sonuna kimi ARDNŞ tərəfindən dövlətə 5,1 milyard kubmetr həcmində qazın verilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, hazırda qazın hasilatı və təhvili üzrə göstəricilər 2000-ci ilin səviyyəsini ötüb keçmişdir. Lakin bu, yalnız başlanğıcdır və ölkəmizin mövcud qaz resurslarından səmərəli istifadə etməklə bu göstəriciləri ildən-ilə yaxşılaşdırmaq mümkündür.
Göründüyü kimi, ildən-ilə artan qaz ehtiyatlarının istehlakçılara çatdırılması üçün yeni-yeni kəmərlərin inşasına zərurət yaranır. Təbii qazın Azərbaycan istehlakçılarına təhvili üçün diametri 750 millimetr, uzunluğu 4500 metr olan qaz kəməri də vaxtında istismara verilmişdir. “Şahdəniz” qazının Azərbaycan daxilində nəqli məqsədi ilə ARDNŞ Səngəçal terminalından “Azəriqaz”ın qəbul sisteminin yerləşdiyi Səngəçal baş qurğularınadək 4,5 km uzunluğunda olan 30 düymlük qaz kəmərinin çəkilişini də başa çatdırmışdır.
“Günəşli” yatağında aparılmış layihə və tikinti-quraşdırma işləri böyük xərclərlə yeni platforma tikmədən, mövcud platformalarla yeni quyular qazmağa imkan vermişdir. Bundan əlavə, “Günəşli” yatağında 500 mm-lik 2 sualtı qaz kəmərinin çəkilişi başa çatdırılmışdır. 26 km uzunluğunda olan birinci kəmər yüksək təzyiqli qazın “Günəşli” yatağındakı 14 nömrəli platformadan “Neft Daşları”ndakı qazpaylayıcı məntəqəyə nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Belə bir yüksək təzyiqə davam gətirən və işin keyfiyyəti və təhlükəsizliyi parametrləri üzrə Qərb standartlarına uyğun qaz kəməri ilk dəfə inşa edilmişdir. 20 km uzunluğu olan ikinci kəmər isə “Günəşli”dəki 4 nömrəli platformadan aşağı təzyiqli qazın “Neft Daşları”ndakı 2 nömrəli sıxıcı kompressor stansiyasına ötürülməsi üçün layihələndirilmişdir. Aşağı təzyiqli qaz kəməri də son presləmə və sınaq işləri aparıldıqdan sonra istismara buraxılmışdır.
Bundan əlavə, neftçilərin peşə bayramı ərəfəsində “Şahdəniz” qazının ölkənin ucqar bölgələrinə nəqli üçün nəzərdə tutulmuş 47 kilometrlik Səngəçal-Qazıməmməd qaz kəmərinin tikintisi başa çatdırılmışdır. Diametri 48 düym olan kəmərin ötürmə qabiliyyəti sutkada 5-6 milyon kubmetrdir. Hazırda kəmər 65 atmosfer təzyiqi üzrə hidroyoxlamalardan keçirilir. Kəmərin 41 atmosfer təzyiq altında istismarı nəzərdə tutulmuşdur. İnşa işləri “Neftqaztikinti” Tresti tərəfindən çətin keçilən ərazilərdə aparılmışdır. ARDNŞ həmçinin, bu ilin sonunadək “Neft Daşları”ndakı qaz-yığım məntəqəsindən “Bahar” yatağınadək uzunluğu 66,5 km, diametri 508 mm, ötürmə qabiliyyəti isə sutkada 5-5,5 milyon kubmetr olan yeni sualtı qaz kəmərinin inşasını planlaşdırmışdır. Bu ilin sonunadək istismara veriləcək həmin kəmərlə “Günəşli” yatağından hasil edilən qaz sahilə nəql olunacaqdır.
Neft və qaz hasilatında artıma nail olmaq üçün yeni platformaların inşasına xüsusi önəm verilir. MDB məkanında yeganə bu tipli müəssisə olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun bu baxımdan özünəməxsus yeri vardır. Yeni neft strategiyasının uğurla həyata keçirilməsində danılmaz rol oynamış zavod “Əsrin müqaviləsi çərçivəsində bir sıra müasir qurğu və obyektlərin tikilib istifadəyə verilməsi, dənizin dərinliklərində qazma işlərini aparan nəhəng stasionar özüllərin və onların dayaq bloklarının inşası kimi mühüm işlər görür. 340 nömrəli platformanın inşa edilmiş blokları bu günlərdə “Darvin Bankası” yatağına aparılmış və dənizin 20 metr dərinliyində yerləşdirilmişdir. Yeni platformadan 1500 metrədək dərinlikdə 8 quyu qazılacaqdır. Bu il Dövlət Neft Şirkəti kifayət qədər çıxarıla bilən qalıq neft-qaz ehtiyatına malik “Abşeronneft” NQÇİ-də 3 ədəd üçbloklu platformanın istismara verilməsini planlaşdırmışdır. Eyni zamanda, “Qərbi Abşeron” yatağı üçün də 2 üçbloklu platformanın tikintisi nəzərdə tutulmuşdur. Həmin platformalardan biri artıq istismara verilmişdir. Hazırda 56 nömrəli platformanın yığımı davam etdirilir. Platforma ilin sonuna kimi istifadəyə veriləcəkdir.
Bir faktı da xüsusi qeyd etmək lazımdır. Hələ 2005-ci ildə bu zavod 888 ton metal işlətmişdir. Ötən il bu rəqəm 4 min 130 tona çatdırılmışdır. Bu il üçün metal konstruksiyaların hazırlanması cədvəlinə görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu 14 min ton metal işlətməlidir ki, bunun da 9 min 400 tonu, yəni ötən ildəkindən 2 dəfədən artıq həcmdə metal artıq ilin 8 ayı ərzində işlənmişdir. Zavodun istehsal etdiyi məhsulların beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində də müəyyən işlər görülmüşdür.
Şirkət böyük kapital xərci hesabına yeni özüllər tikmədən mövcud özüllərdən yüksək hasilatlı quyular qazılmasına üstünlük verir, yataqların işlənməsinin və neft hasilatının optimallaşdırılmasına çalışır. Məsələn, ARDNŞ-in “Neftqaztikinti” Tresti hazırda “Günəşli” yatağındakı 11 nömrəli platformanın genişləndirilməsi üçün əlavə blok inşa edir. Dənizin 102 metr dərinliyində quraşdırılmış 9 ayaqlı blokun üst hissəsinin layihəsində dəyişikliklər edildikdən sonra buradan 6 deyil, artıq 8 qaz quyusunun qazılması mümkün sayılır. Geoloqların hesablamalarına görə, həmin 8 quyunun qazılmasından sonra blokda sutkalıq qaz hasilatı 1,5-2 milyon kubmetrə çatdırılacaqdır.
ARDNŞ-in qarşısında duran vəzifələrdən biri də “Neft Daşları”nda hasilatı ildə 821 min tondan 1,2 milyon tona çatdırmaqdan ibarətdir. Həmin vəzifənin yerinə yetirilməsi məqsədi ilə 2010-cu ilədək “Neft Daşları” yatağında cəmi 78 quyuluq 6 platformanın tikilməsi nəzərdə tutulmuşdur. Ötən il 36 neft quyusu üçün nəzərdə tutulmuş beşbloklu 1887 nömrəli platforma istismara verilmişdir.
Bunun nəticəsində artıq bu il “Neft Daşları”nda sutkalıq hasilatın 920 min tona çatdırılması proqnozlaşdırılır. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Neft Daşları” üçün 2387 nömrəli stasionar platforma üzrə metal konstruksiyaların hazırlanması başa çatdırılmışdır. Yataqda quraşdırılması nəzərdə tutulan 2521 nömrəli platformanın da tikintisi uğurla həyata keçirilir.
Respublikanın hazırki inkişaf templəri, eləcə də ARDNŞ-in əldə etdiyi nailiyyətlər imkan verir ki, şirkət öz resurslarından istifadə etməklə, yeni strukturları müstəqil işləsin. Hazırda şirkətin kollektivləri dənizdə «Günəşli» yatağının dayazsulu hissəsində, «Neft Daşları», «Hövsan», «Qum adası», “Pirallahı” yataqlarında, quruda isə «Balaxanı», «Bibiheybət» və «Buzovna» yataqlarında müstəqil işləyirlər. Bundan əlavə, Dövlət Neft Şirkəti daxili vəsaitləri hesabına «Ümid», «Babək», «Əşrəfi», «Qarabağ» kimi yataq və strukturlarda kəşfiyyat işləri aparmağı planlaşdırır.
Ötən illər ərzində Azərbaycan geofizikləri şərəfli yol keçmiş və böyük nailiyyətlər qazanmışlar. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqları, həmçinin Xəzərin qonşu dövlətlərə aid sektorlarında hazırda istismar olunan bir çox yataqlar məhz Azərbaycan geofiziklərinin apardıqları kəşfiyyat-seysmik tədqiqatlar nəticəsində aşkar olunmuşdur.
Hazırda geofizika və Geologiya İdarəsinin kollektivi qarşısında neft və qaz ehtiyatlarının artırılması məqsədi ilə yeni perspektivli strukturların axtarışı və qazmaya hazırlanması, quyularda keyfiyyətli və müasir mədən geofiziki tədqiqat işlərinin aparılması kimi həlli vacib məsələlər durur. Cari ilin 8 ayı ərzində idarə tərəfindən ümumilikdə 20 milyon 902 min 664 manat məbləğində kəşfiyyat və mədən geofizikası, habelə mühəndis geologiyası işləri yerinə yetirilmişdir. Müvafiq dövr ərzində mədən geofizikası üzrə 3223 sifariş yerinə yetirilmişdir.
Bu İdarə artıq təkcə ARDNŞ və ölkədə fəaliyyət göstərən xarici şirkətlərin sifarişlərini yerinə yetirməklə kifayətlənmir, Xəzərin digər milli sektorlarında həyata keçirilən layihələrdə də fəal iştirak edir. İdarə Xəzər dənizinin Rusiya və Türkmənistan sektorlarında 2423 metr mühəndis geoloji qazma işləri həyata keçirmişdir. 2015-ci ilədək geofizika və geologiyanın kompleks inkişafı proqramına uyğun olaraq, şirkətin bu idarəsinə daxil olan strukturların texniki bazasının təkmilləşdirilməsi prosesi davam etdirilir.
Bu il seysmik tədqiqatların, mədən geofizikası işlərinin səmərəliliyini artırmaq məqsədi ilə İdarəyə 3D müşahidə sistemləri ilə seysmik kəşfiyyat işləri həyata keçirməyə imkan verən INPUT/OUTPUT kompleksi, SPW sistemi, 5 ədəd PKS-7 tipli karotaj qaldırıcısı, 122 ədəd diametri 75 mm olan rəqəmsal quyu cihazı alınmışdır. Bu avadanlıqlar Geofizika və Geologiya İdarəsinin potensialını qat-qat artırmışdır. İdarə artıq Xəzər hövzəsindən kənarda müxtəlif beynəlxalq şirkətlər tərəfindən elan edilən tenderlərdə də iştirak etmək iqtidarındadır.
Geofizik və geoloqlarımızın əldə etdikləri nailiyyətlərdə ARDNŞ-in strukturundakı Elmi Tədqiqatlar və “Neftqazlayihə” institutlarının rolu da az deyil. Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, onların işlənməsi problemlərinin aradan qaldırılması, quyuların texnika və texnologiyası istiqamətində mühüm işlər görən Elmi Tədqiqatlar İnstitutunda ötən il həyata keçirilmiş 32 tədqiqatın 24-ü uğurla başa çatdırılmış və sifarişçiyə təhvil verilmişdir. İnstitutda çoxdan istismar olunan bir sıra neft yataqlarının ehtiyatları təkrar hesablanmış, onların səmərəli işlənməsi üçün təkliflər verilmişdir. İnstitutun 36 işləməsi istehsalatda uğurla tətbiq olunmaqdadır. Təqdirəlayiq haldır ki, ötən il institutun bir sıra işlərinin istehsalata tətbiqi nəticəsində 23,5 min ton əlavə neft hasil olunmuşdur.
Neft və qaz yataqlarının geoloji-geofiziki kəşfiyyatı, yataqların mənimsənilməsi, işlənməsi və abadlaşdırılması, quyuların qazılması, eləcə də neft-kimya və emal prosesləri ilə əlaqədar elmi-tədqiqat layihə işlərini həyata keçirən “Neftqazlayihə” İnstitutunun layihələri əsasında, Xəzər dənizində ümumi uzunluğu 400 km-dən artıq estakada və estakadayanı meydançalar quraşdırılmış, 300-dən artıq dəniz stasionar özülü inşa edilmiş, 14 ədəd dərin dəniz özülü tikilmişdir. Dənizin dibi ilə çəkilmiş təxminən 2000 km uzunluğunda olan sualtı boru kəmərləri də məhz “Neftqazlayihə” İnstitutu tərəfindən layihələndirilmişdir. İnstitut neft-qaz hasil edən bir sıra xarici ölkələrdə də yaxşı tanınır, habelə “bp”, “Azfen-Tekfen”, “Technip”, “BossŞelf” və digər tanınmış şirkətlərlə faydalı əməkdaşlıq edir.
Dənizin dərinliklərində həyata keçirilən qazma, tikinti və digər inşa işlərinin görülməsində ARDNŞ-in öncül müəssisələrindən olan Xəzər Dəniz Neft Donanmasının müstəsna rolu vardır. Bu il ARDNŞ-in malik olduğu nadir kəşfiyyat gəmilərinin, digər avadanlıqların modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Xəzər Dəniz Neft Donanmasına məxsus iri tutumlu barjlar, üzən kranlar, yüksək sürətli katerlər, sərnişin teploxodları mütəmadi olaraq yoxlanılır, təmir olunur və müasir standartlara uyğunlaşdırılır. Bu işlərlə məşğul olan Gəmi Təmiri Zavodu bütun zəruri vasitələrlə təmin edilmişdir.
Ölkə başçısı ARDNŞ qarşısında beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern və güclü bir quruma çevrilmək vəzifəsi qoymuşdur. Bu isə ilk növbədə şirkətin strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasını, idarəetmənin səmərəliliyinin artırılmasını nəzərdə tutur. Bu məqsədlə artıq 2 ildir, şirkətdə struktur islahatları aparılır. «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» 2003-cü il 24 yanvar tarixli Fərmana əlavələr haqqında” Prezident İlham Əliyevin 2007-ci il 7 mart tarixli Fərmanı ilə şirkətin yeni struktur tərkibləri yaradılmış və ARDNŞ-in tabeliyində olan struktur vahidlərinin sayı 18-ə çatdırılmışdır. Bundan əlavə, ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilmiş 28 müştərək müəssisə və 4 alyans neft və qaz sənayesinin demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir.
Şirkətin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin tərkib hissəsi olaraq, mühasibat uçotu sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Məlum olduğu kimi, Azərbaycan 2003-cü ildən etibarən, maliyyə-uçot əməliyyatlarının beynəlxalq standartlara uyğun qurulması, neft sənayesində şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət kəsb edən Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin təşəbbüsü ilə yaranmış «Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü»nə qoşulmuşdur. Bu istiqamətdə ARDNŞ də öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir. Xüsusilə vurğulamaq lazımdır ki, bölgədə Azərbaycan yeganə ölkədir ki, bu təşəbbüsdə çox fəal iştirak edir. Şəffaflığın artırılması istiqamətində Dövlət Neft Şirkəti hökumət komissiyası və müvafiq auditorlar tərəfindən tələb olunan hesabatları vaxtaşırı təqdim edir.
ARDNŞ Azərbaycanın hüdudlarını aşaraq, xarici ölkələrdə müəssisələr, nümayəndəliklər açılması və həmin qurumlar vasitəsilə xaricdə həyata keçirilən irimiqyaslı layihələrdə iştirak etmək istiqamətində də inamla addımlayır və bu gün artıq beynəlxalq səviyyədə səmərəli fəaliyyət göstərir. Ötən il ARDNŞ-in Gürcüstanda, Rumıniyada, Türkiyədə nümayəndəlikləri açılmışdır. Bu il həmçinin, şirkətin Böyük Britaniyada nümayəndəliyi də təsis olunmuşdur. Gürcüstanda ARDNŞ-in iştirakı ilə “SOCAR Georgia” MMC yaradlmışdır və artıq fəaliyyət göstərir. Cari ilin iyulunda şirkətin Rumıniyadakı nümayəndəliyinin ofisinin rəsmi açılış mərasimi keçirilmişdir. Bu məqsədlə ARDNŞ-in nümayəndə heyəti Rumıniyaya səfər etmiş, ölkənin neft-qaz sektoru ilə ətraflı tanış olmuş, bir sıra mühüm görüşlər keçirmişdir. Rumıniya Prezidenti Trayan Besesku ARDNŞ rəhbərini qəbul etmiş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm tərəfdaşa çevrildiyini söyləmişdir. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə şəxsi dostluq münasibətlərini xüsusi qeyd edərək, ARDNŞ-in nümayəndəliyinin açılmasının ölkələrimiz arasındakı münasibətlərin daha geniş müstəvidə inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.
Məlum olduğu kimi, xaricdə Azərbaycan nefti və qazı ilə yanaşı, ARDNŞ-in emal müəssisələrində istehsal olunan neft məhsullarına yüksək tələbat vardır. Bu ilin 8 ayı ərzində istehsal olunmuş bütün neft məhsullarının 58,8 faizi daxili bazarın ehtiyaclarına sərf edilmiş, qalan 41,2 faizi isə xarici ölkələrə ixrac olunmuşdur. Bu müddətdə 247 min 030 ton avtomobil benzini, 931 min 700 ton dizel yanacağı, 239 min 861 ton təyyarə yanacağı, 3 min 912 ton DT yanacağı, 20 min 635 ton sürtkü yağları, 451 min 970 ton soba mazutu və 20 min 481 ton neft bitumu ixrac edilmişdir. Cari ilin yanvar-avqustu ərzində şirkətin emal müəssisələrində 5,053 milyon ton neft emal edilərək proqnoza 95,27 faiz əməl olunmuşdur. Emal həcminin 251 min ton kəsirlə yerinə yetirilməsi Bakı-Novorossiysk kəməri ilə xam neftin nəqlinin artırılması ilə izah olunur.
ARDNŞ-in 2 neft emalı zavodunda aparılan yenidənqurma və təmir-bərpa işləri neft məhsullarının keyfiyyətinin yüksəlməsinə və istehsalının artmasına şərait yaradır. Təkrar emal qurğularının istismarında tətbiq edilən yenıliklər neftin emal dərinliyi göstəricisini xeyli yaxşılaşdırmışdır.
Bununla belə, çoxdan işə salınmış emal müəssisələrində ciddi modernləşdirilməyə ehtiyac duyulur. Dövlət Neft Şirkəti “Azərbaycan Respublikasının Yanacaq-Energetika Kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində benzinin istehsal texnologiyasının yeniləşməsi imkanlarını araşdırır. Yaxın illərdə burada istehsal edilən benzinin keyfiyyətini Avropa bazarına uyğun “AVRO-4” və “AVRO-5” standartlarına çatdırmaq nəzərdə tutulur. Bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda dünyada analoqu olmayan, maye qazdan yüksək oktanlı benzin komponentləri almağa imkan verəcək nəhəng “Alkilen OksiPro” texnoloji kompleksinin və digər yeni istehsal güclərinin tikintisi planlaşdırılmışdır. Eyni zamanda, zavodda neftin ilkin emalı və katalitik krekinq qurğularının köklü surətdə yenidən qurulmasına başlanacaqdır. Görülən tədbirlər nəticəsində emal sənayesində bir tərəfdən istehsal göstəriciləri daha da artacaq, o biri tərəfdən isə neft məhsullarının ixrac edildiyi ölkələrin coğrafiyası genişlənəcəkdir.
Bu il Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Qaz Emalı Zavodu ARDNŞ-in tabeliyinə verilmişdir. Azərbaycan Qaz Emalı Zavodu şirkətin hasil etdiyi qazın təmizlənərək ölkəyə beynəlxalq standartlara uyğun şəkildə verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Eyni zamanda, təbii qazdan qaz benzininin və maye qazın ayrılması həcmlərinin də artırılması nəzərdə tutulur. Hazırda müəssisə sutkada 9 milyon kubmetr qaz emal edir. Dövlət Neft Şirkəti zavodu balansına götürdükdən dərhal sonra müəssisədəki əsas avadanlıq və texnoloji qurğuların yenidən qurulmasına başlamışdır.
Nəqliyyat, daşıma xərclərini minimuma endirməkdən ötrü xaricdə satılması nəzərdə tutulan neft məhsullarının bazara yaxınlığını təmin etmək məsələsi şirkət rəhbərliyini dərindən düşündürür. Bu sahədə işlər ötən ildən aparılır. ARDNŞ-in apardığı ixrac əməliyyatlarının Qara dəniz və Aralıq dənizi sahillərindəki liman şəhərlərindən birbaşa həyata keçirilməsi imkanları genişlənir. Hazırda Ceyhanda və Avropa bazarında marketinq əməliyyatları üçün daha əlverişli şərait yaranmışdır. Şirkət orada özünün emal zavodunu inşa etmək üçün hazırlıq işlərinə başlamışdır. Habelə Gürcüstanın Qara dəniz akvatoriyasında, Tsiva və Xobi çayları arasındakı sahilyanı ərazidə ARDNŞ-in aldığı Kulevi terminalında geniş yenidənqurma işləri aparılır. İlin sonunadək terminalın istismara buraxılması planlaşdırılır.
Təqribən 150 illik neft hasilatı dövründə Azərbaycan ərazisində, xüsusilə Abşeron yarımadasında torpaqlar çirklənmiş, lay sularından gölməçələr yaranmış, insan orqanizmi üçün təhlükəli olan radiasiyanın səviyyəsi yüksəlmiş, bir sözlə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Kompleks Tədbirlər Planının 21 bəndində bu sahədə birbaşa ARDNŞ-in üzərinə düşən vəzifələr öz əksini tapmışdır.
Bu, əsasən, Abşeron yarımadasının yararsız hala düşmüş 526 hektar torpaq sahəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını əhatə edən məsələlərdir. Ötən il ARDNŞ sistemində ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlar və qüvvədə olan normalara cavab verən təxirəsalınmaz işlərin, kompleks tədbirlərin həyata keçirilməsi, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli, müəssisələrin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və digər problemlərin aradan qaldırılması məqsədi ilə Ekologiya İdarəsi yaradılmışdır. Qısa müddət ərzində İdarə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji tarazlığın bərpası istiqamətində mühüm tədbirlər həyata keçirməyə başlamışdır. Müəssisə və təşkilatlarda ətraf mühitin mühafizəsi işinin təşkili, ARDNŞ üzrə ekoloji proqramların hazırlanması və həyata keçirilməsi, çirklənmiş torpaqların rekultivasiyası və çirkab sularının təmizlənməsi, bu sahədə ARDNŞ-in tabeçiliyində olan təşkilatların fəaliyyətinə nəzarətin həyata keçirilməsi, şirkət sistemində vahid ekoloji siyasətin formalaşdırılması kimi məsələlər də həmin İdarənin qarşısında duran prioritet vəzifələrdəndir.
İlin əvvəlindən Bibiheybət mədən sahəsində çoxsaylı ekoloji problemlərin aradan qaldırılması, rekultivasiya və reabilitasiyası üzrə müasir normalara cavab verən texnologiyalardan istifadə edilməklə bir sıra tədbirlər həyata keçirilir. Hazırda bütün Bibiheybət zonası üzrə monitorinq işləri aparılır. Monitorinq qrupu tərəfindən götürülmüş nümunələr analiz edilir, mövcud vəziyyəti əks etdirən hesabatlar hazırlanır, çirklənmə mənbələri, ətraf mühitə, canlı aləmə təsir edən aspektlərin çirklənmə dərəcəsi müəyyənləşdirilir. Qrunt və sudan götürülmüş nümunələr müxtəlif parametrlər üzrə araşdırılır. Təmizləmə üsulları seçilərkən torpaqların xüsusiyyətləri nəzərə alınır. Sahədə lay suları və məişət çirkabının axıdılması üçün 930 metr uzunluğunda qapalı dəmir beton kanal tikilmişdir. Bundan əlavə, 300 metrlik kanalın tikintisi də başa çatmaq üzrədir. Paralel olaraq Bibiheybətin cənub hissəsində 62,14 hektarlıq sahədə mexaniki rekultivasiya işləri yerinə yetirilir, utilizasiya tədbirləri keşiriilr. Artıq 126 hektar sahəni əhatə edən ərazidə monitorinq işləri başa çatdırılmışdır.
Bibiheybət mədən sahəsində ARDNŞ-in müxtəlif idarələri tərəfindən kompleks bərpa proqramı həyata keçirilir. Eyni zamanda, “Balaxanı” NQÇİ-nin ərazisindəki 400 hektarlıq sahədə və Muradxanlı İriləşdirilmiş Neft Mədəninin neft, lay suları və digər tullantılarla çirklənmiş ərazilərində ekoloji monitorinq yekunlaşmışdır. 3,8 hektar sahəni əhatə edən mədən ərazilərində rekultivasiya işləri tam başa çatdırılaraq təhvil verilmiş, 270 metr açıq kanal qapalı dəmir beton kanalla əvəz edilmişdir.
Quru ərazilərdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində aparılan işlərdən əlavə, ARDNŞ Bakı Buxtasının təmizlənməsi layihəsində də fəal iştirak edir. İndiyədək ümumi çəkisi 3 min tona yaxın 10 batmış gəmi çıxarılmış, 34 batmış gəminin yeri müəyyənləşdirilmişdir. Ekologiya İdarəsinin həyata keçirdiyi işlər göstərir ki, ARDNŞ respublikada ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Tədbirlər Planına uğurla əməl edəcəkdir. Mədən ərazilərdə ekoloji tarazlığın təmin olunması üçün 2006-2010-cu illər üzrə tərtib olunmuş proqrama əsasən, bu məqsədlə ümumilikdə, 533 milyon manat həcmində iş görüləcəkdir. Həmin vəsaitin 91 milyon manatının 2007-ci ildə sərf olunması nəzərdə tutulur. Həyata keçirilən tədbirlər bu işlərin daha da sürətləndirilməsi və tezliklə Bakı Buxtasının ekoloji durumunun köklü surətdə yaxşılaşdırılması üçün zəmin yaradır.
Dövlət Neft Şirkəti ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin sağlamlığı və istirahəti üçün yaşıllıqların salınmasında, abadlıq işlərinin aparılmasında da fəallıq göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də regionlarda genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir.
Dövlət Neft Şirkəti də bu proseslərdə - regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində gerçəkləşdirilən layihələrdə fəal iştirak edir. Bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün şirkət sosialyönümlü fəaliyyətini daha da artırmışdır. ARDNŞ-in Sosial İnkişaf İdarəsi sosialyönümlü dövlət proqramlarına uyğun olaraq regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə şirkətin maliyyə vəsaiti hesabına yeni məktəblərin, kitabxanaların, xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin, idman qurğularının, istirahət obyektlərinin tikintisi, park və xiyabanların salınması işini uğurla davam etdirir. 2007-ci il üçün tərtib edilən kapital qoyuluşu proqramına əsasən, bu il qeyri-sənaye sahələri üzrə tikinti işlərinə 85 milyon 479,1 min manat məbləğində vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.
Ölkənin 10-dan artıq bölgəsində ən müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin tikintisi sürətlə davam etdirilir. Lənkəranda və Naxçıvan Muxtar Respublikasındakı mərkəzlər artıq istifadəyə verilmişdir və region əhalisinə uğurla xidmət göstərir. 2006-cı ilin iyulunda Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən Lənkəran müalicə-diaqnostika mərkəzinin xidmətindən hazırda ətraf rayonların əhalisi də istifadə edir. Mərkəzdə qəbul, konsultativ diaqnostik poliklinika, cərrahiyyə, anesteziologiya və reanimasiya, şüa-diaqnostika və hemodializ şöbələri fəaliyyət göstərir.
Ölkə başçısının tapşırığı ilə ötən il dekabrın 8-də Lənkəran MDM-də aparılan cərrahiyyə əməliyyatları paytaxtdan kənarda açıq ürək üzərində gerçəkləşdirilən ilk əməliyyat olaraq Azərbaycanın tibb tarixinə yeni mərhələnin başlanğıcı kimi yazılmışdır. Mərkəzi Neftçilər Xəstəxanasının yüksək səviyyəli mütəxəssislərinin rəhbərliyi ilə cənub bölgəsinin iki sakini üzərində aparılan bu əməliyyatlar, dövlət başçısının əhalinin sosial problemlərinin həllinə necə həssaslıqla yanaşmasının əyani təcəssümünə çevrilmiş, bölgələrdə inşa edilən səhiyyə obyektlərinin nə qədər geniş texniki imkanlara malik olduğunu bir daha sübuta yetirmişdir.
Ötən ilin sonunda Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın Babək, Culfa, Şahbuz, Şərur və Ordubad rayonlarının əhalisinə xidmət göstərən Naxçıvan Regional Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilmişdir. Bu tibb müəssisəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq, burada ayrıca kardiocərrahiyyə şöbəsi fəaliyyət göstərir. Mərkəzi Neftçilər Xəstəxanasının endoskopik cərrahiyyə, ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya və şüa diaqnostikası şöbələrinin əməkdaşları tez-tez Naxçıvana ezam olunur, orada unikal tibbi əməliyyat və müayinələr həyata keçirirlər.
Qeyd etmək yerinə düşər ki, Naxçıvanda açıq ürək üzərində aparılan əməliyyatların biri ürək dayandırılmadan keçirilmişdir. Bu isə həkimlərimizin ustalığını nümayiş etdirən başqa bir nümunədir. Hazırda şirkətin maliyyə vəsaiti hesabına Əli Bayramlı, Gəncə, Bərdə, Zaqatala, Qəbələ və Quba müalicə-diaqnostika mərkəzlərində tikinti işləri davam etdirilir. Bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan Qazax mərkəzinin əsas korpusunda son tamamlama işləri görülür. Bu il Cəlilabad və Şamaxı müalicə-diaqnostika mərkəzlərinin təməlqoyma mərasimləri keçirilmişdir. Proqram uğurla davam etdirilir. Başlıca təyinatı neftçilərin sağlamlığının qorunması, onlara keyfiyyətli tibbi xidmətin göstərilməsindən ibarət olan Mərkəzi Neftçilər Xəstəxanası bu istiqamətdə ciddi tədbirlər həyata keçirir.
Şirkət ölkə rəhbərinin 2006-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhəri və onun rayon, kənd və qəsəbələrində sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər Proqramı”nın həyata keçirilməsində də fəal iştirak edir. Həmin proqramda əksini tapan bir sıra layihələr artıq uğurla icra olunmuşdur. Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki 230 nömrəli, Qaradağ rayonunda 288 nömrəli orta məktəblərin, Lökbatan qəsəbəsindəki mədəniyyət sarayının əsaslı təmiri başa çatdırılmışdır. Bu il iyunun 14-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ARDNŞ-in maliyyə vəsaiti hesabına müasir standartlara uyğun yenidən qurulmuş Mərdəkan Mədəniyyət Sarayının təntənəli açılış mərasimi keçirilmişdir. Hazırda Lökbatanda yerləşən Əli Əmirov adına mədəniyyət sarayında da ən yüksək standartlara uyğun təmir-bərpa işləri sona çatmaq üzrədir. Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına və Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində yerləşən Vaqif Mustafazadə adına mədəniyyət saraylarında əsaslı təmir-bərpa işlərinə başlanmışdır. Sabunçu rayonunun Zabrat qəsəbəsində kəskin qəza vəziyyətində olan binalar sökülərək yenidən tikilmiş, Bibiheybət qəsəbəsində təmizləyici qurğu isə istismara verilmək ərəfəsindədir. Bakının Qaradağ rayonu ərazisində - Lökbatan qəsəbəsində qəza vəziyyətində olan evlərdən ailələrin köçürülməsi üçün müasir standartlara uyğun avadanlıqla təchiz edilmiş beşmərtəbəli, 20 mənzilli yaşayış evinin tikintisi başa çatdırılmış, onun həyətində abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Qarşıdakı illərdə qəsəbənin mərkəzində yerləşən qamış konstruksiyalı bütün ikimərtəbəli evlərin yerində yeni, müasir tipli yaşayış kompleksinin inşası nəzərdə tutulmuşdur. Hazırda qəza vəziyyətində olan 19 binada 213 ailə yaşayır. Bundan əlavə, binalarda 30 qaçqın və məcburi köçgün ailəsi məskunlaşmışdır. Köhnə evlərin sökülməsi və ərazinin təmizlənməsindən sonra 3,5 hektarlıq sahədə 22 beşmərtəbəli 330 mənzilli yaşayış binası, 2 su anbarı, nasos stansiyaları, qazanxana, 2 elektrik yarımstansiyası, kanalizasiya və qaz xətləri inşa ediləcəkdir. Bakının müxtəlif qəsəbələrində sosial əhəmiyyətli digər tədbirlər də həyata keçirilir - su xətləri dəyişdirilir, nasosxanalar yenidən qurulur, təmizləyici qurğular tikilir.
ARDNŞ Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Qaradağ, Balakən, Zaqatala, Xanlar, eləcə də Bakının bir sıra rayonlarında beynəlxalq tələblərə cavab verən, müasir avadanlıqla təchiz olunmuş onlarla yeni məktəb binası inşa etdirmiş, bir çox köhnə məktəb binalarının təmir olunması istiqamətində mühüm işlər görmüşdür. Ucqar rayonlarda yerləşən məktəb yolları əsaslı şəkildə təmir olunmuşdur. Qusar şəhər 6 nömrəli və Mərdəkan qəsəbəsindəki 230 nömrəli orta məktəb binaları əsaslı təmir olunaraq yeni dərs ilində şagirdlərin ixtiyarına verilmişdir. Qusar rayonu Suvacal kəndində 200 şagird yerlik və Aşağı Ləyər kəndində 400 şagird yerlik orta məktəb binalarının tikintisi cari ilin may ayında başa çatdırılmışdır. Yeni dərs ili ərəfəsində Xanlar, Zaqatala rayon mərkəzlərində, eləcə də Balakən rayonunun İtitala kəndində ümumilikdə 1750 şagird yerlik orta məktəb binaları istismara buraxılmışdır. Ümumiyyətlə, Dövlət Neft Şirkəti 2007-ci il ərzində təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə 6 milyon 172,7 min manat vəsait xərcləyəcəkdir.
ARDNŞ erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və humanitar yardımların göstərilməsi istiqamətində də mühüm işlər görür. Artıq bu cür tədbirlər ənənə halını almışdır. Şirkət Bərdə və Ağdam rayonlarında yerləşən qaçqın şəhərciklərini öz himayəsinə götürmüşdür. Bundan əlavə, qaçqın və məcburi köçkünlər ARDNŞ-in tabeçiliyində olan yataqxanalarda, istirahət ocaqlarında da məskunlaşmışlar. ARDNŞ onlara xüsusi diqqət və qayğı ilə yanaşır.
Şirkətdə mənzil problemi artıq əvvəlki kəskinliyi ilə dayanmır. Bakının Nizami rayonu ərazisindəki “Neftayıranlar qəsəbəsi”nin salınması bu problemin həllində ciddi irəliləyişdir. Ötən il Əli Bayramlı şəhərində 35 mənzilli, Bakının Xətai rayonunda 54 mənzilli yaşayış binaları tikilib neftçilərin istifadəsinə verilmişdir. Bu ilin sonuna kimi Lökbatan qəsəbəsində 40 və 10 mənzilli, Qaraçuxur qəsəbəsində isə 40 və 80 mənzilli yaşayış binalarının tikintisi başa çatdırılmalıdır. ARDNŞ-in tərtib etdiyi kapital qoyuluşu planına əsasən, 2007-ci il ərzində mənzil tikintisinə 26 milyon 201 min manat vəsaitin xərclənməsi planlaşdırılır.
Ölkənin sosial inkişafında mühüm rol oynayan ARDNŞ həm də respublikanın ən iri büdcə ödəyicisidir. Şirkət ölkə büdcəsinə ümumi daxilolmaların böyük hissəsini verir. Ötən 8 ayda ARDNŞ dövlət büdcəsinə 689 milyon 290 min manat məbləğində vəsait ödəmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu, 202 milyon 241 min manat və ya 141,5 faiz çoxdur. Müvafiq dövr ərzində Dövlət Sosial Müdafiə Fonduna 49 milyon 188 min manat məbləğində vəsait ödənilmişdir ki, bu da ötən ilin yanvar-avqustundakı göstəricilərdən 16 milyon 600 min manat artıqdır. Bundan əlavə, ötən ilin ortalarından etibarən ARDNŞ dünya bazarında neftin qiymətinin artımı ilə əlaqədar Neft Fonduna əlavə ödəmələrə başlamışdır. Sentyabrın 1-nə olan məlumata əsasən, bu göstərici 16 milyon 494 min manat həcmindədir.
Hər bir sahəni inkişaf etdirən mühüm amillərdən biri də həmin istiqamət üzrə istedadlı və bacarıqlı kadrların fəaliyyət göstərməsidir. Dövlətimizin başçısı İlham Əliyev demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq”. Ölkə Prezidenti neft gəlirlərinin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır. Onun imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ARDNŞ-in üzərinə böyük vəzifələr qoyur.
Azərbaycan neftçiləri hələ neçə onilliklər öncə bir çox ölkələrdə neft sənayesinin inkişafı naminə çalışmış, respublikamızı bütün dünyada layiqincə təmsil edərək, böyük nailiyyətlər əldə etmiş, şöhrət və ad-san qazanmışlar. Lakin onu da nəzərə almaq lazımdır ki, müasir texnologiyaların tətbiqi müasir biliklərə və vərdişlərə yiyələnmiş kadrların fasiləsiz, davamlı hazırlığını tələb edir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ötən ildən başlayaraq ARDNŞ-də kadr hazırlığı proqramı həyata keçirilir. Proqram neft sahəsi üzrə ixtisaslaşmış ali məktəb tələbələrinin ARDNŞ hesabına dünyanın ən nüfuzlu universitetlərində təhsillərini davam etdirmələrini nəzərdə tutur. Artıq neft mühəndisliyi üzrə ixtisaslaşan 30-dan çox tələbə və magistr ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil alır. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda gerçəkləşən bu layihə Qafqaz ölkələri üzrə birinci dövlət təqaüd proqramıdır.
Göründüyü kimi, ARDNŞ-in qəhrəman neftçiləri bütün fəaliyyət sahələri üzrə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, Vətənimizin iqtisadi qüdrətinin yüksəlişi yolunda sanballı nailiyyətlərə imza atmışlar. Neftçilərimiz ümummilli lider Heydər Əliyevin onlara bəxş etdiyi bu şərəfli günü - 20 sentyabr peşə bayramını dəyərli əmək töhfələri ilə qarşılayırlar. Şərəfli peşə sahibləri neftçilərimiz xalqımızı əmin edir ki, onlar bundan sonra da əzmlə çalışacaq, müstəqil dövlətimizin tərəqqisi naminə qarşıya qoyulan tapşırıqlara layiqincə əməl edəcəklər.








