Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
Bakı, 9 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsində növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hibrid formatda təşkil olunan seminarda şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev “Qərbi Azərbaycan folklorunun tədqiqi probleminin elmi-nəzəri əsasları” mövzusunda məruzə edib.
O qeyd edib ki, Qərbi Azərbaycan folkloru tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində formalaşan, xalqın tarixi yaddaşını, etnik kimliyini və mənəvi dəyərlərini əks etdirən zəngin mədəni irs nümunəsidir. XX əsrdə baş vermiş deportasiya və etnik təmizləmə prosesləri nəticəsində maddi-mədəni irsin böyük hissəsi məhv edilsə də, şifahi xalq yaradıcılığı xalqın keçmişini yaşadan əsas mənbələrdən biri kimi qorunub saxlanılıb. Bu folklorun tədqiqində tarixi-müqayisəli, struktur-semiotik, etnopoetik, sosiolinqvistik və etnoqrafik metodlardan istifadə olunur. Xüsusilə “fəlakət (faciə) folkloru” yanaşması deportasiya və qaçqınlıq hadisələrinin folklordakı əksini araşdırmağa imkan verir. Qərbi Azərbaycan folklorunun əsas janrlarını aşıq yaradıcılığı, bayatılar, nağıllar, əfsanələr və rəvayətlər təşkil edir. Aşıq Ələsgər kimi sənətkarların yaradıcılığı bu mühitin yüksək bədii-estetik səviyyəsini nümayiş etdirir. Toponimik folklor bölgənin tarixi coğrafiyasını və etnik yaddaşını qoruyan mühüm mənbədir. Tarixi yer adları ilə bağlı rəvayət və əfsanələr qədim toponimlərin yaşamasını təmin edir və bölgənin mədəni kimliyinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
Daha sonra şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nurlana Məmmədovanın “Qərbi Azərbaycan toponimlərində sakral məkan (pir, ocaq, dağ, su, ağac) anlayışının linqvofolkloristik təhlili” mövzusunda etdiyi məruzə dinlənilib. Məruzəçi qeyd edib ki, Qərbi Azərbaycan ərazisindəki yer adları Azərbaycan türklərinin qədim yurd yerləri və mədəni irsinin daşıyıcısı kimi xüsusi aktuallıq kəsb edir. Siyasi proseslər, köçürülmələr və məqsədli adşəkilləndirmə siyasətinə baxmayaraq, xalqın yaddaşına köçmüş bu toponimləri dildən silmək mümkün olmayıb.
Məruzədə qeyd olunub ki, folklor təfəkküründə pir və ocaqlar şəfaverici, bərəkət gətirən and içilən və toxunulmaz sayılan enerji məkanlarıdır. Regionda Ocaq, Ocaqqaya, Ocaqverdi, Pirəli, Pirməzrə, Pirdağ kimi adlar geniş yayılıb. Tədqiqatçı bildirib ki, Qərbi Azərbaycanın Qırxbulaq, Şəfa bulağı, Müqəddəs bulaq kimi hidronimləri suyun sakral gücünə inamdan yaranıb. Burada bulağın mənbəyinə göz deyilməsi suya antropomorf bir varlıq kimi yanaşıldığını göstərir.
Nurlana Məmmədova, həmçinin vurğulayıb ki, Dünya ağacı və ya Həyat ağacı mifi türklərin kosmoqonik təfəkkürünün mərkəzində dayanaraq yeraltı dünyanı, insanı və göyü birləşdirir. Qərbi Azərbaycandakı Təkağac, Qoşa ağac, Pirağac, Dağdağan, Ziyarət ağacı kimi dendronimik toponimlər bunun bariz nümunəsidir. Dağdağan və ardıc ağacları şər qüvvələri qovan magik obyektlər sayıldığı üçün coğrafi adlarda sabitləşib.