ƏVVƏLLƏR MƏHKUM OLUNMUŞ ŞƏXSLƏRDƏN NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Sərhəd Xidməti və Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Qaxbaş kənd sakini Mahmud Usğarov Lələli kəndinin ərazisində şübhəli şəxs kimi saxlanılmışdır. Onun üzərinə baxış zamanı 100 qram marixuana aşkarlanmışdır.
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşları İran vətəndaşı Kərvəndə Murtuza Əhməd oğlundan 4,571 qram, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri - əvvəllər məhkum olunmuşlar Zahid Tahirovdan 0,284 qram, Nizaməddin Piriyevdən 0,221 qram, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş İlkin Nəsirovdan 0,231 qram, Köhnə Corat qəsəbəsinin sakinləri Ağakişi Orucovdan 6,771 qram, İlqar Hacıyevdən 0,334 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları Bıçaqçı kəndinin ərazisində yabanı halda bitmiş, çəkisi 830 kiloqram olan 5300 ədəd çətənə kolunu yığaraq məhv etmişlər.