SİYASƏT
Əziz Ələkbərli: Qarabağ Zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq məsələsi ön plana çıxarıldı
Bakı, 28 noyabr, AZƏRTAC
İki yüz il ərzində müxtəlif vaxtlarda soydaşlarımız etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qalıb. Ermənilər tərəfindən həyata keçirilən sonuncu deportasiyada - 1987-1991-ci illərdə isə min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar. Çox sevinirik ki, Qarabağ Zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq məsələsi ön plana çıxarıldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi aspektlərini beynəlxalq müstəvidə müzakirə etmək üçün dekabrın 5-6-da qayıdış hüquq mövzusunda ikinci dəfə konfrans keçiriləcək. Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququnun diqqət mərkəzində olacağı tədbirə 51 ölkədən 100-dən çox xarici iştirakçının qatılacağı gözlənilir.