ƏZİZƏ MƏMMƏD QIZI CƏFƏRZADƏ
Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Əzizə xanım 1944-1946-cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr məktəbinin müdiri, 1950-1956-cı illərdə qiyabi pedaqoji institutda dosent, kafedra müdiri, 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. O, 1950-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Tanınmış qadın yazıçılarımızdan olan Əzizə Cəfərzadənin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır. O, xalqımızın əsrlər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, elimizin gözəl adət-ənənələrinin yaşadılması naminə altmış ildən artıq bir dövr ərzində yorulmadan yazıb yaratmış, səmərəli ədəbi fəaliyyətin məhsulu olan çoxsaylı əsərləri ilə nəsrimizin inkişafına qiymətli töhfələr vermişdir. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, keçmişimizdə böyük iz qoymuş şəxsiyyətlərin parlaq simaları Əzizə xanımın həmişə diqqət mərkəzində dayanırdı. Tariximizin müxtəlif mərhələlərinin bədii mənzərəsini yaradan bu əsərlərlə yanaşı, yazıçının müasir gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən daim rəğbətlə qarşılanmışdır.
Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir.
Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. O, Bakı Dövlət Universiteti filologiya fakültəsinin professoru kimi Azərbaycanda elmi kadrların hazırlanması işinə layiqli töhfə vermişdir.
Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviyada, Suriyada, İraqda və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuş Əzizə Cəfərzadə ölkəmizi həmişə yüksək səviyyədə və ləyaqətlə təmsil etmişdir. O, xalqımızın ictimai-siyasi həyatında baş verən hadisələrə münasibətdə daim vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Görkəmli yazıçı və ədəbiyyatşünas, əsl vətəndaş və qayğıkeş insan olan Əzizə Cəfərzadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev, Murtuz Ələsgərov,
İlham Əliyev, Ramiz Mehdiyev,
Artur Rasizadə, Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Mahmud Kərimov, Anar Rzayev,
Misir Mərdanov, Nizami Xudiyev,
Zəhra Quliyeva, Bəxtiyar Vahabzadə,
İsa Hüseynov, Hüseyn Abbaszadə,
Hüseyn İbrahimov, Qılman İlkin,
Əkrəm Əylisli, Bəkir Nəbiyev,
Kamal Talıbzadə.