FAO: Silahlı münaqişə zonalarında insanlar aclıqdan əziyyət çəkir
Bakı, 29 yanvar, AZƏRTAC
Son illər silahlı münaqişə zonalarında aclıqdan əziyyət çəkənlərin sayı daha da artıb. Bu sözlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Ərzaq Proqramının BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün hazırladıqları hesabata yer alıb.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, hesabatda Əfqanıstan, Konqo Demokratik Respublikası, Yəmən, Suriya, Somali və Mərkəzi Afrika Respublikasında, həmçinin Çad gölü hövzəsi ölkələrindəki ağır humanitar vəziyyət əks olunub. Bildirilib ki, bu səkkiz münaqişə zonasında 8 milyondan çox insan aclıqdan əziyyət çəkir.
FAO-nun baş direktoru Xose Qratsianu da Silvanın hesabata yazdığı preambulada qeyd olunur: “Təkidlə diqqətinizə çatdırıram ki, ilk baxışdan quru rəqəmlər kimi görünən bu faktların arxasında aclıqdan əziyyət çəkən insanların taleyi dayanır ki, bu da XXI əsrdə yolverilməzidir”.
2018-ci ilin mayında BMT Təhlükəsizlik Şurası silahlı münaqişə zonalarında aclığın aradan qaldırılmasına dair qətnamə qəbul edib. Şuranın üzvləri aclıq amilindən müharibə silahı kimi istifadə edilməsini də pisləyib. Onlar bütün silahlı münaqişə tərəflərini beynəlxalq humanitar hüquq prinsiplərinə əməl etməyə, beynəlxalq donor təşkilatların ərzaq yardımlarına mane olmamağa, insanları tibbi xidmətdən məhrum etməməyə çağırıblar.
Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli isə hesabatın müqəddiməsində yazıb: “Bu sənəddə silahlı münaqişələrlə aclıq arasında birbaşa əlaqə göstərilib. Hesabatda qeyd olunur ki, bizim əməkdaşlar və tərəfdaşlarımız təcili olaraq silahlı münaqişə zonalarında aclıqdan əziyyət çəkən insanlara humanitar yardım çatdırmalıdırlar. Lakin ilk növbədə müharibələrə son qoyulmalıdır”.
Hesabatda qeyd olunur ki, təkcə Konqo Demokratik Respublikasında 13 milyon insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. İğtişaşların beş ildən çoxdur davam etdiyi Cənubi Sudanda isə 5 milyon nəfərin təcili humanitar yardıma ehtiyacı var. “Boko Haram” terror təşkilatı yaraqlılarının hakim olduqları Cad gölü hövzəsi ölkələrində 3 milyon insan aclıqla qarşı-qarşıya qalıb.