“Fars dili qrammatikası terminləri” kitabı çapdan çıxmışdır
Bakı, 9 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Vüqar Məmmədovun “Fars dili qrammatikası terminləri” kitabı çapdan çıxmışdır.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, “Bakı Çap Evi”ndə işıq üzü görmüş kitabda fars dilinə aid fars, Azərbaycan və rus dillərində yazılmış elmi ədəbiyyatdan, dərslik, dərs vəsaitləri və lüğətlərdən toplanmış morfologiya və sintaksisə dair terminoloji material leksik-semantik baxımdan ilk dəfə olaraq müqayisəli şəkildə ətraflı təhlil edilir. Əsərdə fars dili qrammatikası terminlərinin yaranma tarixi və mövcud vəziyyəti, bu sahədəki nöqsanların aradan qaldırılması, terminlərin dəqiqləşdirilməsi, birmənalılığının təmin edilməsi yolları göstərilir.
Üç fəsildən ibarət olan əsərin 1-ci fəsli “Fars dili qrammatikasında terminlərin leksik-semantik səciyyəsi”, 2-ci fəsli “Morfoloji terminlər”, 3-cü fəsli isə “Sintaktik terminlər” adlanır.
Nəzəri və təcrübi əhəmiyyəti nəzərə alınaraq kitaba fars dilinə aid qrammatik terminlər, onların Azərbaycan və rus dillərində qarşılıqları, işlədilməsi qeyri-məqbul sayılan, eləcə də müəllifin təklif etdiyi terminlər haqqında kompleks məlumat verən terminlər lüğəti əlavə edilmişdir.